Yuxarı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ildönümü qeyd edilib

Dövlət Xidmətinin yaranmasının ildönümü qeyd edilib

Bakı.13 fevral. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib.

"Report" xəbər verir ki, Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb.

O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə uğurla davam etdirilən ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub.

A.Rəhimov deyib ki, bu illər ərzində Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Dövlət Xidməti mühüm inkişaf yolu keçərək ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə layiqli töhfə verib və bu proses hazırda davam edir.

Dövlət Xidməti genişmiqyaslı tədbirlər həyata keçirir, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, habelə vətəndaşların qəbulu və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə, maddi-texniki və qanunvericilik bazalarının təkmilləşdirilməsi, eləcə də digər sahələrdə əhəmiyyətli nəticələr qazanıb.

Ölkəmizdə aparılan islahatların tərkib hissəsi olaraq Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində də istər idarəetmə mexanizminin təkmilləşdirilməsi, istər qanunvericilik, istərsə də onun tətbiqi ilə bağlı dövlət tərəfindən bir sıra ciddi addımlar atılıb. Çağırış və səfərbərlik resurslarını tənzimləyən mükəmməl mexanizmin yaradılması istiqamətində zəruri tədbirlər görülüb.

Qeyd olunub ki, SHXÇDX müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi bir növ Silahlı Qüvvələrlə cəmiyyət arasında körpü rolunu oynayır və illərdir bu vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətindədir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu böyükdür.

Azərbaycan Prezidentinin vətəndaşlarımızın müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq sərəncamlarının icrasının təmin edilməsi, Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə daha keyfiyyətli komplektləşdirilməsi üçün çağırış yaşlı vətəndaşların qanuna müvafiq qaydada çağırışa cəlb edilməsi və xidmət keçmək üçün təyin olunduqları hərbi hissələrə təhvil verilməsi də Xidmətin qarşısında duran əsas vəzifələrdəndir.

A.Rəhimov vurğulayıb ki, Dövlət Xidmətinin hər bir əməkdaşı bundan sonra da ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalacaq, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin üzərimizə qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələrək, daha böyük nailiyyətlər əldə etməyə çalışacaq.

Digər çıxış edənlər də Dövlət Xidmətinin yaranmasının ildönümü münasibətilə təbriklərini çatdırıb, yeddi il ərzində görülən işləri yüksək qiymətləndiriblər.

Sonda Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları oxunub, xidmətdə fərqlənən hərbi qulluqçular və əməkdaşlar mükafatlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi