Dövlət Sərhəd Xidmətinin keçirdiyi irimiqyaslı təlimlər başa çatıb

Dövlət Sərhəd Xidmətinin keçirdiyi irimiqyaslı təlimlər başa çatıb Döyüş atışlı təlimlərin III mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib
Hərbi
22 May , 2015 15:41
Dövlət Sərhəd Xidmətinin keçirdiyi irimiqyaslı təlimlər başa çatıb

Bakı. 22 may. REPORT.AZ/ Bu ilin döyüş hazırlığı proqramına uyğun olaraq "Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş düşmənin qoşun qruplarının və terror-təxribat dəstələrinin zərərsizləşdiril­məsi" mövzusunda Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə mayın 15-dən 21-dək "Ağgöl" səhra təlim mərkəzində irimiqyaslı taktiki təlimlər keçirilib. Bu barədə "Report"a DSX-dən məlumat verilib.

Təlimlərin əsas məqsədi Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırıqlarının icrası, şəxsi heyətə Vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, eləcə də çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin təkmilləşdirilməsi olub.

Döyüş atışlı təlimlərin III mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.

Üç mərhələdə keçirilən təlimlərin ssenarisinə əsasən Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələri tərəfindən şərti düşmənin dövlət sərhədini pozan qoşun qrupları zərərsizləşdirilmiş və dövlət sərhədi bərpa edilib. Üçüncü mərhələnin başlanğıcında pilotsuz uçuş aparatı vasitəsilə düşmən qüvvələrinin yerləşməsi müəyyən edildikdən sonra düşmən arxasında kəşfiyyat fəaliyyətini həyata keçirmək məqsədi ilə təyyarə və helikopterlərdən paraşutlarla desantın atılması təmin edilib. Hava desantının uğurlu əməliyyatından sonra şərti düşmənin dayaq məntəqələrinə və dövlət sərhədini pozmuş zirehli texnikalarına qarşı döyüş helikopterlərindən və zenit artilleriya qurğularından açılan atəşlərlə onların irəliləməsinin qarşısı alınıb. 

Düşmən qruplarına havadan dəstək üçün göndərilmiş döyüş helikopterləri daşınan zenit-raket kompleksləri vasitə­silə məhv edilib. Düşmən hücumunun qarşısını alan qüvvələ­rimiz atəş üstünlüyünü əldə etməklə çevik hərəkət bölmələrinin sürətli əks hücuma keçməsinə şərait yaradıb. Daha sonra zirehli texnikalar üzərində hücuma keçən bölmələrimiz düşmənin dayaq məntəqələrində yerləşən canlı qüvvəsini və zirehli texnikalarını sərrast atışlarla məhv ediblər. 

Təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması və yaralıların təxliyyə edilməsi elementləri də uğurla işlənilib. 

Təlimlər zamanı bölmələrin real döyüş şəraitində idarə olunmasına, çevik hərəkət qüvvələri və aviasiya bölmələri arasında yüksək qarşılıqlı fəaliyyətə nail olunub.

Təlimlər vaxtı zenit qurğularından, helikopterlərdən, minaatan­lardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib. 

Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşıya qoyulan döyüş tapşırıqlarını uğurla yerinə yetirib, təlim müvəffəqiyyətlə başa çatıb.

Son xəbərlər

Orphus sistemi