​Dövlət başçısı: "Hərbi xərclər ən prioritet məsələdir"

​Dövlət başçısı: "Hərbi xərclər ən prioritet məsələdir" "Bu, həm Qarabağ münaqişəsinin həlli, həm də ölkəmizin təhlükəsizliyini təmin etmək üçün lazımdır"
Hərbi
25 Noyabr , 2015 04:20
​Dövlət başçısı: Hərbi xərclər ən prioritet məsələdir

Bakı. 25 noyabr. REPORT.AZ/ "Hərbi potensialın gücləndirilməsi bizim üçün prioritetdir. Son illərdə bu sahədə də böyük uğurlar əldə edilib".

"Report" xəbər verir ki, bunu prezident İlham Əliyev noyabrın 24-də V çağırış Milli Məclisin ilk iclasında çıxışında deyib.

Prezident bildirib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti artır, o, ən müasir texnika, silah-sursatlarla təmin olunur:

"Bu gün beynəlxalq müstəvidə Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bu proses davam etdirilir. Baxmayaraq, bizim təbii ki, büdcə gəlirlərimiz azalıb. Ancaq hərbi xərclər ən prioritet məsələdir. Çünki, bir daha demək istəyirəm ki, bu, həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ümumiyyətlə, ölkəmizin təhlükəsizliyini təmin etmək üçün lazımdır".

Daha sonra dövlət başçısı daxili siyasətlə bağlı məsələlərə toxunub:

"İndiki şəraitdə, əlbəttə, ilk növbədə təhlükəsizlik məsələləri bundan sonra da yüksək səviyyədə öz həllini tapmalıdır. Bu gün dünyada gedən proseslər təbii olaraq bizi də narahat edir və bu gün təhlükəsizlik məsələləri hər bir ölkə üçün ön plana çıxır. Azərbaycan da bu sahədə böyük təcrübəyə malik olan ölkədir. Azərbaycan xalqı uzun illərdir ki, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Əlbəttə ki, bundan sonra da bu sahəyə lazımi səviyyədə diqqət göstəriləcək".

Eyni zamanda, o bildirib ki, "ölkəmizin uğurlu inkişafı üçün xoşagəlməz hallarla mübarizə daha da gücləndirilməlidir. Bu sahədə də böyük uğurlar var, xüsusilə korrupsiyaya, rüşvətxorluğa qarşı həm cəza tədbirləri, inzibati tədbirlər, sistem xarakterli tədbirlər görülür, həm də islahatlar aparılır. Bu islahatlar daha da dərinləşməlidir. Əminəm ki, Milli Məclis tərəfindən qəbul ediləcək yeni qanunlar bu məqsədə çatmaq üçün daha da yaxşı baza yaradacaq".

İlham Əliyev, həmçinin iqtisadi siyasətlə bağlı fikir bildirib:

"Təbii ki, biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam etdirəcəyik. Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcəkdir. Qeyri-neft sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir, daha da artmalıdır və əlbəttə, bu, ölkəmizin uzunmüddətli inkişafını təmin edəcək. Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək".

Prezident bildirib ki, bununla bərabər, bölgələrdə infrastruktur layihələrinin icrası davam etdirilməlidir:

"Əlbəttə, əvvəlki illərdə bu sahəyə qoyulan sərmayələri biz bu gün yatıra bilmərik. Ancaq görülən işlər nəticəsində bölgələrdə əsas infrastruktur layihələri ya başa çatıb, ya da ki, başa çatmaq üzrədir. Xüsusilə elektrik enerjisi, qazlaşdırma layihələrini nəzərdə tuturam. Hazırda əsas prioritet içməli su layihələrinə, kənd yollarının çəkilişinə yönəlibdir və bu sahədə hələ görüləsi işlər çoxdur. Növbəti illər ərzində bütün infrastruktur layihələri öz həllini tapmalıdır, o cümlədən sosial infrastruktur layihələri. Gələn il də dövlət büdcəsində tibb müəssisələrinin, məktəblərin, uşaq bağçalarının tikintisi və təmiri nəzərdə tutulur".

Sosial sahəyə toxunan dövlət başçısı qeyd edib ki, bütün sosial proqramlar icra ediləcək.

"Bu sahədə heç bir ixtisar ola bilməz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz güclü sosial siyasət bizə imkan verdi ki, biz bu illərdə yaşanan böhrandan ən az itkilərlə çıxa bilək. Çünki bəzi hallarda əsaslı iqtisadi islahatlar sosial problemlərə gətirib çıxarır. Azərbaycanda bu sahəyə daim böyük diqqət göstərilmişdir, bu gün də diqqət yüksək səviyyədədir. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında dərman preparatları bazarında dövlət öz rolunu ortaya qoydu. Bu bazar artıq dövlət tərəfindən tənzimlənir və tədricən yüzlərlə, minlərlə adda dərman preparatının qiyməti kəskin şəkildə aşağı düşür, bəzi hallarda iki dəfə, bəzi hallarda üç dəfə. Əlbəttə ki, bu da bizim sosial siyasətimizin təzahürüdür", - deyə o əlavə edib.

İlham Əliyev vurğulayıb ki, məcburi köçkünlərin, qaçqınların məişət problemlərinin həlli də daim diqqət mərkəzində olmalıdır:

"Gələn il də bu məqsədə çatmaq üçün kifayət qədər böyük vəsait nəzərdə tutulubdur. Son illər ərzində yüz minlərlə köçkün yeni evlərə, mənzillərə köçürülübdür. Bu, gələcək fəaliyyətimiz üçün də daim prioritet olaraq qalmalıdır".

Nəqliyyat sektorunda aparılan islahatlara toxunan prezident bildirib ki, hazırda tərəfdaş ölkələrlə çox önəmli layihələr üzərində iş gedir:

"Bir neçə ildir ki, işləyirik. Azərbaycanı nəinki regionda, dünya miqyasında nəqliyyat mərkəzinə çevirmək üçün biz konkret addımlar atmışıq. Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri reallaşır. Azərbaycan hər iki layihədə çox ciddi rol oynayır. Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması üçün ölkəmiz yüz milyonlarla dollar vəsait sərf edibdir. Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün yenə də biz maliyyə vəsaitimizi səfərbər etmişik və tərəfdaş ölkələrlə bu layihə üzərində indi çox ciddi işləyirik. Bu layihələr başa çatandan sonra ölkəmizə böyük həcmdə vəsait gətirəcəkdir. Eyni zamanda, Azərbaycan nəqliyyat sahəsində əvəzolunmaz rola malik olacaqdır. Coğrafi vəziyyətimiz bizə bu imkanları yaradır. Ancaq biz bu coğrafi vəziyyətə infrastruktur layihələrini əlavə edirik, böyük vəsait qoyulur. Nəqliyyat infrastrukturu Azərbaycanda bu gün ən çox sərmayə alan sahədir və bu, ölkəmiz üçün çox lazımdır, biz bunu etməliyik".

Dövlət başçısı əminliyini bildirib ki, Azərbaycanın uğurlu inkişafı təmin ediləcək:

"Çünki biz düşünülmüş siyasət aparırıq, Azərbaycan xalqının maraqlarına söykənən siyasət aparırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və Azərbaycan maraqlarıdır. Bu maraqlar hər şeydən üstündür. Beynəlxalq arenada da biz daim öz maraqlarımızı müdafiə edirik. Bəlkə də buna görə bəzi hallarda əsassız tənqidə, bəzi hallarda təxribatlara məruz qalırıq. Ancaq bu, bizim siyasətimizə heç bir təsir edə bilməz. Çünki biz öz yolumuzla gedirik və güclü iqtisadiyyat, sabitlik, xalq-iqtidar birliyi Azərbaycanda bu şəraiti yaradıb ki, heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Belə cəhdlər olub, var və istisna edilmir ki, olacaq. Bu cəhdləri etmək istəyənlər də artıq başa düşməlidir ki, bu səylər əbəsdir. Ancaq biz buna hazır olmalıyıq və ölkəmizə qarşı aparılan kampaniyalara ən gözəl cavabımız Azərbaycan reallıqlarıdır. Antiazərbaycan qüvvələr, erməni lobbisi ilə idarə olunan bəzi xarici riyakar siyasətçilər də Azərbaycan reallıqlarını görüb əlbəttə ki, məyus olurlar. Biz öz yolumuzla gedirik, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Heç bir ölkə qarşısında bizim öhdəliyimiz yoxdur, ola da bilməz. Beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrdə daim öz mövqeyimizi ifadə edirik. Bəlkə bu da bəzi xarici dairələrin xoşuna gəlmir. Bəlkə kimsə gözləyir ki, Azərbaycan susacaq, yaxud da öz mövqeyini bildirməyəcək. Xeyr! Görürük ki, harada ədalət pozulur, görürük ki, təkcə bizə qarşı yox, ümumiyyətlə, harada ikili standartlar mövcuddur biz sözümüzü deyəcəyik".

İlham Əliyev qeyd edib ki, Azərbaycan beynəlxalq təşkilatlarda, əlbəttə ki, üzv olduğu təşkilatlarda bundan sonra da fəal iştirak edəcək:

"Bizim deputatlar da fəal iştirak etməlidirlər. Üzv olmadığımız beynəlxalq təşkilatlar qarşısında bizim heç bir öhdəliyimiz yoxdur, ola da bilməz. Üzv olduğumuz təşkilatlarda fəaliyyətimiz də yüksək qiymətə layiqdir. Üzərimizə götürdüyümüz bütün öhdəlikləri yerinə yetiririk və ölkəmizin maraqlarını müdafiə edirik.

Mən əminəm ki, biz qarşıda duran vəzifələri uğurla icra edəcəyik. Dünyada vəziyyət dəyişir, güclər nisbəti dəyişir. Əfsuslar olsun ki, nikbinliyə əsas yoxdur, dünyadakı vəziyyət daha da pisləşə bilər. Ona görə biz buna hazır olmalıyıq. İlk növbədə, təhlükəsizlik. Qeyd etdiyim kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir. Ölkəmizdə daxili təhlükə mənbələri yoxdur. Biz özümüzü xarici müdaxilədən qoruya bilirik, qoruya bilmişik. Öz seçimimizi müdafiə edirik, heç kimin işinə qarışmırıq, amma heç kimə imkan vermirik ki, bizim işimizə qarışsın və bizə ziyan vursun. Çünki bizim işimizə qarışmaq istəyən ancaq bu məqsədlə qarışmaq istəyir. Bəzi hallarda elə ifadələr işlədilir ki, Azərbaycana kimsə kömək etmək istəyir. Mən həmişə öz tərəfdaşlarımla görüşlər əsnasında deyirəm ki, bizə kömək etmək lazım deyil. Əgər lazım olarsa biz xahiş edərik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində bizə heç kim kömək etmir, baxmayaraq, gün kimi aydındır ki, kimdir günahkar, kimdir bu işğalın qurbanı. Ona görə biz daxili təhlükəsizliyi təmin edəcəyik. Heç bir kənar qüvvənin təsiri Azərbaycanda mümkün deyil. Bunu bütün ictimaiyyət bilməlidir və bilir. Gələcəkdə belə cəhdlər olarsa, əlbəttə ki, ciddi cavab, adekvat cavab veriləcəkdir".

"Biz iqtisadi inkişafı daha da sürətləndirməliyik. Neftin qiymətinin aşağı düşməsi əlbəttə ki, bizim gəlirlərimizə və xərclərimizə mənfi təsir göstərir. Ancaq digər tərəfdən hesab edirəm, bu, bizim iqtisadiyyat üçün, məmurlar üçün bir stressdir ki, indiki şəraitdə də nəyə qadir olduğumuzu göstərməliyik", - deyə dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, bu ilin iqtisadi və sosial göstəriciləri bunu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətlə və uğurla inkişaf edə bilər. Prezident bildirib ki, təhlükəsizlik, fəal xarici siyasət, iqtisadi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə, güclü hərbi potensial və əsas dəyərlərə sədaqətimiz, sadiqliyimiz - bizim üçün gələcəyə gedən yol budur.

"Azərbaycan müasir dövlətdir, ancaq dərin milli mənəvi dəyərlər üzərində qurulan bir dövlətdir. Milli dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Azərbaycan müstəqillik yolu ilə gedir və gedəcək. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq", - deyə prezident çıxışını yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi