Yuxarı

Cocuq Mərcanlıda 468 ədəd qəlpə aşkarlanıb

Cocuq Mərcanlıda 468 ədəd qəlpə aşkarlanıb
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir

Bakı. 1 mart. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 6 evə baxış keçirilib, 468 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentlik tərəfindən 30 767 kv.m ərazi (6 500 kv.m ərazi əl ilə, 10 700 kv.m ərazi mexaniki üsulla və 13 567 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

ANAMA 26 gün ərzində Cocuq Mərcanlı kəndində 109 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirib, 9 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL), 1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd 100 mm-lik top mərmisi (OF-412)) və 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 26 ədəd tank əleyhinə mina (2 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmiş, 773 217 kv.m ərazi (373 969 kv.m ərazi əl ilə, 184 200 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 102 048 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlayıb.

Ümumilikdə agentlik yanvarın 1-dən martın 1-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 113 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 1 968 ədəd partlamamış hərbi sursat, 64 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib, 806 811 kv.m ərazi (407 563 kv.m ərazi əl ilə, 184 200 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 102 048 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlayıb.

Hazırda ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi