​Bu gün şəhid olan əsgərimiz dəfn edilib

​Bu gün şəhid olan əsgərimiz dəfn edilib Mərasimdə dövlət rəsmiləri iştirak ediblər
Hərbi
21 Fevral , 2015 20:53
​Bu gün şəhid olan əsgərimiz dəfn edilib

Bakı. 21 fevral. REPORT.AZ/ Fevralın 21-nə keçən gecə düşmənin Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqını zamanı şəhid olan əsgər Cavadov Zəlimxan Eybalı oğlu doğulduğu Qobustan rayonunun Ərəbşalbaş kəndində son mənzilə yola salınıb.

“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,fəxri qarovulun müşayiəti ilə böyük izdiham şəhidin hələ beş yaşında itirdiyi anasının da uyuduğu kənd qəbiristanlığına doğru irəliləyib.

Burada keçirilən vida mərasimini Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani açaraq müdafiə naziri general-polkovnik Zakir Həsənovun başsağlığını şəhidin ailəsinə və doğmalarına çatdıraraq qeyd edib ki, dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri regionu tərk etdikdən sonra erməni silahlı qüvvələrinin təxribat qrupu növbəti dəfə mövqelərimizə basqın etməyə cəhd göstərib.Lakin əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib. Azərbaycan əsgəri şəhidimizin qisasını alıb və bundan sonra da alacaq.Şiddətli atışma zamanı mərdliklə həlak olmuş şəhid əsgərimizin xatirəsi heç vaxt unudulmayacaq.

Sonra Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov çıxış edərək bütün qobustanlıların Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olduqlarını bəyan edib və şəhidin dəfn mərasiminin bütün əsgəri ənənələrə uyğun olaraq təşkil edilməsində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Millət vəkili, professor Xanhüseyn Kazımlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin rəisi polkovnik-leytenant Mərdan Nəhmətov və başqaları çıxış edərək şəhidin atasına Vətən üçün belə igid oğul yetişdirdiyinə görə dərin minnətdarlıqlarını bildiriblər.

Şəhidin tabutu "Vətən sağ olsun!", "Şəhidlər ölməz, Vətən bölünməz!" nidaları və yaylım atəşləri altında məzara endirilib. Cənazə üzərinə sərilmiş bayraq əbədi xatirə saxlanılması üçün şəhidin atasına təqdib olunub.

Şəhid atası bu bayrağın tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarda ucaldılacağına əminliyini bildirib və həqiqi hərbi xidmətini bu yaxınlarda başa vuran böyük oğlu Elsevərlə birlikdə oğlunun qisasını almaq üçün Qarabağ uğrunda döyüşlərə hazır olduqlarını deyib.

Şəhid məzarı üzərinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Qobustan rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsi, Qobustan rayon Polis şöbəsi və digər təşkilatlar adından əklillər və gül dəstələri qoyulub.

Yas mərasimi şəhidin atasının yaşadığı Abşeron rayonunun Nübar qəsəbəsində davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi