BQXK-nın Azərbaycan Nümayəndəliyi Səhiyyə və Müdafiə nazirlikləri ilə birgə seminar keçirir

BQXK-nın Azərbaycan Nümayəndəliyi Səhiyyə və Müdafiə nazirlikləri ilə birgə seminar keçirir Belə seminar Azərbaycanda ilk dəfədir ki, təşkil olunur
Hərbi
7 Sentyabr , 2016 12:20
BQXK-nın Azərbaycan Nümayəndəliyi Səhiyyə və Müdafiə nazirlikləri ilə birgə seminar keçirir

Bakı. 7 sentyabr. REPORT.AZ/ Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin Səhiyyə və Müdafiə nazirlikləri ilə birgə təşkil etdiyi üçgünlük Hərbi Cərrahiyyə seminarı başlayıb.

Bu barədə "Report"a BQXK-nın Bakı ofisindən məlumat verilib.

Seminar 6-8 sentyabr tarixlərində Bərdə Müalicə Diaqnostika Mərkəzində keçirilir.

Tədbirdə Azərbaycanın mülki və hərbi hospitallarından olan 40-a yaxın mütəxəssis iştirak edir. Təqdimat və müzakirələr vasitəsilə digər mövzularla yanaşı onlar həmçinin döyüş yaralanmalarına cərrahi müdaxilə, hərbi cərrahiyyə zamanı anesteziya, infeksiyaların nəzarətdə saxlanması və fövqəladə hallar zamanı xəstə axınının idarə edilməsi ilə bağlı daha çox bilik əldə edəcəklər.

Seminarı BQXK-nın iki cərrahı – Almaniyadan olan Dr. Martin Herrmann və İtaliyalı Dr. Marko Pinna Pintor keçirir. Onların hər ikisinin BQXK-nın dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən xəstəxanalarında müharibə zamanı yaralanmış xəstələrin müalicəsi və yerli həkimlərə seminarlar keçirilməsində çoxillik təcrübəsi var.

Qeyd edək ki, belə seminar Azərbaycanda ilk dəfədir ki, təşkil olunur.

Son xəbərlər

Orphus sistemi