Yuxarı

Berlində Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr edilmiş təntənəli ziyafət keçirilib

Berlində Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr edilmiş təntənəli ziyafət keçirilib

Bakı. 26 iyun. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi ziyafət keçirilib.

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyindən "Report"a verilən məlumata görə, tədbir iki ölkənin Dövlət Himnlərinin səsləndirilməsi ilə açıq elan edilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov müsəlman şərqində ilk dünyəvi və demokratik respublikanın məhz ölkəmizdə qurulduğunu, onun qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqının inkişafı və maariflənməsinə, habelə onun dövlətçilik ənənələrinin yenidən canlandırılmasına xüsusi töhfələr verdiyini, bu səbəbdən AXC-nin Azərbaycan xalqının yaddaşında dərin izlər buraxdığını və müasir Azərbaycan Respublikasının özünü AXC-nin varisi elan etdiyini bildirib.

Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müasir Azərbaycanın Qafqaz regionunda ən güclü və müasir orduya malik olan qüdrətli dövlətə çevrildiyini qonaqların diqqətinə çatdırıb.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı və işğalın Azərbaycan üçün doğurduğu nəticələr haqda tədbir iştirakçılarını məlumatlandıran səfir ərazi bütövlüyümüzün bərpa olunmasının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin hərbi attaşesi, polkovnik Mahir Bayramov qonaqları salamlayaraq Milli Ordumuzun yaranması tarixi haqqında məlumat verib.

M.Bayramov Azərbaycan Silahlı Qüvvələrinin yaranması, inkişafı tarixi və beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsindən bəhs edərək, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olduğunu xüsusilə vurğulayıb. Müasir Azərbaycan ordusunun formalaşmasının xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi diqqət ayırdığını və NATO-nun beynəlxalq əməliyyatlarına dəstək verdiyini qeyd edərək Azərbaycan ordusunun ən müasir silah və hərbi texnika ilə təchiz edilməsi ilə yanaşı 2005-ci ildən etibarən ölkəmizin hərbi sursat, silah və ləvazimatlar istehsal etməyə başladığını vurğulayıb.

Qəbul zamanı Azərbaycan və onun silahlı qüvvələri barədə video materiallar nümayiş etdirilib, qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

Tədbirdə AFR Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, digər dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin Berlindəki səfirliklərinin hərbi attaşeləri, diplomatik korpusun nümayəndələri, Almaniyadakı Azərbaycan diasporunun üzvləri və mətbuat nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi