Yuxarı

Bakıda “ADEX-2016” beynəlxalq müdafiə sərgisi başlayıb

Sərgidə 150-dən çox şirkət iştirak edir

*** saat 07:46

Bakı. 27 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin nümayişi - II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ("ADEX-2016") başlayıb.

“Report”un xəbərinə görə, dörd gün davam edəcək sərgidə müxtəlif ölkələri təmsil edən iri müdafiə müəssisələrinin nümayəndələri, o cümlədən ixtiraçı və mütəxəssislər üçün unikal dialoq platforması olan “ADEX” sərgisi müdafiə sənayesi sahəsində ən yeni və unikal məhsulları peşəkarlara təqdim etmək, eləcə də təcrübə mübadiləsi aparmaq üçün imkan yaradacaq.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və "Caspian Event Organisers” (CEO) şirkəti “ADEX” sərgisinin təşkilatçıları qismində çıxış edir. Müdafiə Nazirliyi sərgiyə dəstək göstərir.

Tədbirə olan böyük maraq nəzərə alınaraq, 2016-cı ildə onun iş müddəti 4 günə qədər uzadılıb. Artıq 150-dən çox şirkət “ADEX-2016” sərgisində iştirak edəcəyini təsdiqləyib. İsrail, Çin, Pakistan, Rusiya, Türkiyə və Fransa kimi ölkələr isə sərgidə milli stendlə iştirak üçün ekspozisiya meydançalarını rezervasiya ediblər. Sərgidə iştirak edəcəyini təsdiqləyən şirkətlər arasında “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər şirkətlər yer alır. Sərginin qeydiyyat sponsoru Türkiyə Müdafiə Sənayesi Katibliyidir.

Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərirlər. İnformasiya dəstəyi aparıcı ixtisaslaşmış jurnallar, veb-saytlar və informasiya agentlikləri tərəfindən təmin olunur. Tədbirin baş informasiya tərəfdaşı Böyük Britaniyanın “IHS Jane's Defence Weekly” dərgisi, Rəsmi Gündəlik "Onlayn" Sərgi Xəbərləri isə Belçikanın “Army Recognition” saytıdır. “Azeri Defence” jurnalı sərginin informasiya tərəfdaşı qismində çıxış edir.

Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonunu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Burada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcək.

Ümumilikdə, sərgidə aşağıdakı istiqamətlər üzrə əldə olunan nailiyyətlərin nümayiş etdirilməsi planlaşdırılır: quru qoşunları və hərbi-hava qüvvələri üçün texnika və silahlar, hərbi aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı avadanlıq və vasitələr, informasiya texnologiyaları, kosmik texnologiyalar, ordunun inzibati və texniki təchizatı.

Bu sərgi layihəsinin özəl xüsusiyyətlərindən biri mühafizə və müdafiə vasitələri, xilasetmə, mühafizə texnikası, sənaye və nəqliyyat təhlükəsizliyi sistemləri, eləcə də informasiya və rabitənin mühafizəsi, müasir yanğın təhlükəsizliyi vasitələri üzrə geniş məhsul spektrinin vahid konsepsiya çərçivəsində tammiqyaslı nümayişidir.

Sərgini dolğun işgüzar proqram müşayiət edəcək. Bura seminar və təqdimatlarla yanaşı, sənaye təyinatlı nazirliklər, istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlər daxildir. Beləliklə, “ADEX-2016” sərgi ən son silah növlərinin nümayiş etdirilməsi və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi