Yuxarı

Azərbaycanla İran arasında beynəlxalq terrorçuluq və qeyri-leqal miqrasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub

Azərbaycanla İran arasında beynəlxalq terrorçuluq və qeyri-leqal miqrasiyaya qarşı mübarizə məsələləri müzakirə olunub
© dsx.gov.az

Bakı. 11 dekabr. REPORT.AZ/ İranın Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildiriblər. 

DSX-nin Aparatında general-mayor Qasım Rzayinin təntənəli qarşılanma mərasimi keçirilib. Rəsmi protokola uyğun olaraq, İranın Sərhəd Qoşunlarının komandanı “Fəxri qonaq kitabı”nda ürək sözlərini yazıb. 

Nümayəndə heyətlərinin geniş tərkibli görüşündə Azərbaycan və İran dövlət sərhədində və dövlət sərhədindən buraxılış məntə­qələrində mövcud vəziyyət, onun inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb, narkotiklərin qaçaqmalçılığı, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, qadağan olunan malların daşınması və sərhəd təhlükəsizliyinə digər təhdidlərlə mübarizə sahəsində əməkdaşlığın vəziyyəti nəzərdən keçirilib. 

DSX rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhəd təhlükəsizliyinə göstərilən ali dövlət qayğısı sayəsində bu gün ölkə sərhədlərinin mühafizəsinin yüksək səviyyədə təmin olunması, sərhəd infrastrukturunun müasirləşdirilməsi və təkmilləşdirilməsi üzrə həyata keçirilən islahatlar və tədbirlər haqqında məlumat verib. Qeyd olunub ki, Ermənistanın Azərbaycanın 20% ərazisini, o cümlədən Azərbaycan-Ermənistan və Azərbaycan-İran dövlət sərhədinin bir hissəsini işğal altında saxlamaqda davam etməsi sərhəd təhlükəsizliyinə əsas təhdid olaraq qalmaqdadır.

Nümayəndə heyətləri ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymətləndirib, Azərbaycan və İran sərhəd qurumları arasında mövcud əlaqə­lərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıblar.

Azərbaycan Respublikası və İran İslam Respublikasının iştirakı ilə həyata keçirilən beynəlxalq əhəmiyyətli nəqliyyat infrastrukturu layihələri çərçivəsində “Astara dəmir yolu” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyəti, iki dövlət arasında iqtisadi əlaqələrin genişləndirilməsi, daşıma imkanlarının tək­milləşdirilməsi məqsədilə dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd nəzarətinin sürətləndirilməsi və təkmilləşdirilməsi üzrə həyata keçirilmiş tədbirlərin əhəmiyyəti vurğulanıb. 

Tərəflər “18 noyabr 2010-cu il tarixli Xəzər dənizində təhlükəsizlik sahə­sində əməkdaşlıq haqqında Sazişə əlavə Xəzər dənizində sərhəd qurumlarının əməkdaşlığı və qarşılıqlı fəaliyyəti haqqında Protokol”un icrasından irəli gələn məsələlər, sərhəd təhlükəsizliyinin təmin edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət və digər aidiyyəti istiqa­mətlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi