Yuxarı

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri sərhəd təhlükəsizliyi məsələsini müzakirə ediblər

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Casim Məhəmməd Əz-Zaabinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri sərhəd təhlükəsizliyi məsələsini müzakirə ediblər. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlü­kə­sizliyi Baş İdarəsinin baş direktoru Casim Məhəmməd Əz-Zaabi mayın 23-dən 27-dək Azərbaycanda rəsmi səfərdə olub. 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Casim Məhəmməd Əz-Zaabinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Tərəflər arasında ikitərəfli əlaqələrin perspektivləri, beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşınması kimi cinayətlərlə mübarizə, dəniz sərhədlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələlərinə baxılıb. Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər barədə təqdimat keçirilib.

Nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə, Akademiyasına və "Sərhədçi" Olimpiya İdman Mərkəzinə səfərlər edərək xidmətin və təlim-tədris prosesinin təşkili, yaradılan şərait və maddi-texniki baza ilə yaxından tanış olub.

Səfər müddətində qonaqlar Müdafiə Sənayesi Nazirliyində, Dövlət Miqrasiya Xidmətində işgüzar görüşlər keçirib. Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti Qəbələ rayonunun mədəni-tarixi yerlərini ziyarət etməklə yanaşı, Bakı şəhərində, o cümlədən ölkəmizdə keçiriləcək "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri ilə tanış olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi