Yuxarı

Azərbaycanın sülhməramlı qüvvələri Əfqanıstandan çıxarılacaqmı?

Deputat ümid edir ki, Azərbaycan sülhməramlı qüvvələrin geri çağırılması qərarını Türkiyə ilə birgə verəcək

Bakı. 5 yanvar. REPORT.AZ/ "Azərbaycanın Əfqanıstandakı sülhməramlı qüvvələri orada əsasən enerji sisteminin qorunmasına cavabdehlik daşıyır. Onlar birbaşa əməliyyatlarda iştirak etməsələr də, həyati riskləri hər zaman qalır. Yəqin ki, bu səbəbdən sülhməramlı qüvvələrin Əfqanıstandan çıxarılıb-çıxarılmaması məsələsinə yaxın vaxtlarda aydınlıq gətiriləcək". Bunu "Report"a Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Oruc ümid edir ki, Azərbaycan sülhməramlı qüvvələrin geri çağırılması qərarını Türkiyə ilə birgə verəcək: "Hər bir halda Azərbaycan rəhbərliyi Əfqanıstanın təhlükəsizliyinə həm maddi cəhətdən, həm də hava məkanı ilə yardım göstərir. Ümumilikdə bütün məsələlər dövlətlərarası danışıqlardan sonra müəyyənləşəcək".

O, həmçinin qeyd edib ki, qüvvələrin geri çağırılması məsələsinə parlamentdə baxılsa da, təşəbbüs Ali Baş Komandandan gəlir: "Ona görə də bu barədə dəqiq fikir söyləmək çətindir. Hesab edirəm ki, Türkiyə hələ də Əfqanıstanda müəyyən bir missiyanı ifadə edir. Eyni zamanda, 8 mindən artıq qüvvə Əfqanıstanda hələ də yerli qüvvələrə təlimlər keçir, eləcə də fəaliyyətin koordinasiyası və digər işlərə baxır".

Azərbaycanın 94 nəfərlik əsgər və zabit heyətinin hələ də Əfqanıstanda sülhə, təhlükəsizliyə xidmət göstərdiyini deyən deputat əlavə edib ki, artıq koalisiya qüvvələrinin böyük hissəsinin Əfqanıstanı tərk etməsi ciddi narahatlığa səbəb olub.

Qeyd edək ki, Azərbaycan 2002-ci ilin noyabr ayından Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində əməkdaşlıq edir. Buna görə də İSAF-in tərkibində həyata keçirilən əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin hərbi kontingenti də xidmət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi