Yuxarı

Azərbaycanın Müdafiə Nazirliyi ABŞ-la hərbi əlaqələrini bərpa edir

Nəcməddin Sadıkov: Azərbaycan Müdafiə Nazirliyi Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, etibarın tam bərpa olunmasına hazırdır

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanın Müdafiə Nazirliyi ABŞ-la hərbi əlaqələrini bərpa edir.  

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlik bununla bağlı xüsusi açıqlama yayıb. Açıqlamada deyilir: "Bir ilə yaxındır ki, Azərbaycanın ABŞ ilə əlaqələrində soyuqluq müşahidə olunur. ABŞ Dövlət Departamentinin ölkəmizə qarşı münasibətdə qeyri-konstruktiv siyasətinə baxmayaraq Azərbaycan bütün dünyaya özünün nailiyyət və müvəffəqiyyətlərini nümayiş etdirir. Dövlət Departamenti tərəfindən təxribat xarakterli yazılar və fəaliyyətlər Azərbaycana I Avropa Oyunlarını yüksək səviyyədə keçirməsinə, sabit iqtisadi inkişafa nail olunmasına, bütün dünyadan olan jurnalistlərə və qonaqlara ölkəmizdəki demokratiya və azadlığı öz gözləri ilə görmələrinə imkan verilməsinə mane ola bilmədi. Bütün bunlar bizim Silahlı Qüvvələrin döyüş qabiliyyətinin real yüksəldilməsi fonunda baş verir".

Nazirlikdən bildirilib ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ABŞ-nın Azərbaycandakı hərbi attaşesini Müdafiə Nazirliyinə dəvət edərək onunla fikir mübadiləsi aparıb və hərbi əməkdaşlıq sahəsində yaranmış soyuqluqdan təəssüf hissini ifadə edib: "Dövlət Departamentinin Azərbaycana qarşı yürütdüyü ikilistandartlar siyasətinə baxmayaraq biz NATO-nun etibarlı tərəfdaşı kimi cıxış etməkdə davam edir və Əfqanıstanda bizə həvalə olunmuş missiyanı uğurla yerinə yetiririk".

Danışıqların sonunda general-polkovnik N.Sadıkov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bundan sonra Dövlət Departamentinin rəsmi şəxsləri tərəfindən hərbi əməkdaşlıq planlarının yerinə yetirilməsinə mane olması cəhdlərinin təkrarlanmayacağına, hərbçilərin isə razılaşdırılmış və təsdiq olunmuş planların siyasətçilər tərəfindən pozulmasına uymayacaqlarına və iki ölkə arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağına ümüdini ifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi