Bakı. 3 mart. REPORT.AZ/ 2015-ci ilin yekunlarına görə, istehsal olunan müdafiə təyinatlı məlumatların həcmi ötən illərlə müqayisədə dəfələrlə artıb. Hesabat dövründə müdafiə sənayesi müəssisələri tərəfindən 7 mövzu üzrə təcrübi konstruktor işləri tam başa çatdırılıb, 11 məmulatın istehsalı mənimsənilib və silahlanmaya tövsiyə olunaraq seriyalı istehsal təşkil olunub.
"Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Bundan başqa, Silahlı Qüvvələr və digər güc strukturları tərəfindən sifariş olunan müdafiə təyinatlı məmulatlar üzrə bağlanmış müqavilələr tam yerinə yetirilib. 114 milyon 600 min manat məbləğində müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Təhvil verilmiş məmulatların həcmi 2007-ci ilə nisbətən 26, 7 dəfə, 2010-cu ilə nisbətən 2,3 dəfə artıb. Artıq istehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1070-i ötüb.
Məhsul istehsalı ilə yanaşı, müdafiə təyinatlı məmulatların təmiri üzrə 484 min 600 manat, utilizasiya üzrə isə 1 milyon 480 min manat məbləğində iş yerinə yetirilib.
Müxtəlif növ barıt və partladıcıların istehsalının təşkili məqsədi ilə 3 yeni sahənin yaradılması üçün müasir texnologiyaların alınması və tikinti quraşdırılma işlərinə 51 milyon 600 min manat vəsait yönəldilib.