Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilən layihəyə əsasən, 350-ci maddə dəyişdirilərək yeni adda (İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçırma) verilir. Maddənin məzmunu və göstərilən cəzalar da ağırlaşdırılır. Təklif olunan dəyişikliyə əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə xəbərdarlıq edilir və ya 30 manat miqdarında cərimə olunur. Hazırda isə bu cərimə 3 manatdan 5 manata qədərdir.
Bundan əlavə, 354-cü maddənin (Hərbi qeydiyyat qaydalarının pozulması) məzmunu və cəzaları da tamamilə dəyişdirilərək yeni formada verilir. Yeni məzmunli maddənin 354.1 hissəsinə görə, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan orqanın vəzifəli şəxsi tərəfindən çağırışçılardan və hərbi vəzifəlilərdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda nəzərdə tutulmayan əlavə sənədlərin tələb edilməsinə, hərbi qeydiyyata alınma haqqında vəsiqəyə yanlış məlumatların daxil edilməsinə, onların hərbi qeydiyyata alınmasından, hərbi qeydiyyatdan çıxarılmasından və ya hərbi qeydiyyata alınma haqqında vəsiqənin verilməsindən əsassız imtina edilməsinə görə 300 manat miqdarında cərimə tətbiq olunacaq.
Eyni zamanda çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə, (hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə; hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına görə; hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə) xəbərdarlıq edilir və ya 30 manat miqdarında cərimə ediləcəyi gözlənilir.
Layihə qəbul edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub.