Yuxarı

​Azərbaycanda hərbi çağırış və qeydiyyat prosesində nöqsanlara yol verən məmurların cərimələri artırılıb

İnzibati Xətalar Məcəlləsinin tamamilə yeni redaksiyada verilən 349 və 351-ci maddələrinə əlavə və dəyişikliklər edilib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanda hərbi çağırış və hərbi qeydiyyat işini aparan zaman qanunsuzluğa yol verən vəzifəli şəxslər barədə cəzalar sərtləşdirilir. "Report" xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin tamamilə yeni redaksiyada verilən 349 və 351-ci maddələrinə əlavə və dəyişikliklər edilib.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında çıxış edən sədr Əli Hüseynli bildirib ki, layihəyə əsasən, maddə 349 yeni formada verilərək göstərilir ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını aparan orqan və təşkilatlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətə təqdim edilməməsinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat miqdarında cərimə edilir.

Daha bir əlavə edilən hissədə isə deyilir ki, çağırışçıların və hərbi vəzifəlilərin sağlamlıq imkanlarının məhdudluğunun və ya əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən müəyyən edilmiş müddətdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər isə 300 manat miqdarında cərimələnəcəklər.

Maddənin hazırkı varinatı isə belədir: Çağırış məntəqələrinə təhkim edilməli olan vətəndaşların siyahısının müəyyən edilmiş müddətdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların və təhsil ocaqlarının rəhbərləri və ya hərbi uçot işi üçün məsuliyyət daşıyan digər vəzifəli şəxsləri və ev sahibləri tərəfindən müvafiq şəhər, rayon, şəhərdə rayon hərbi komissarlıqlara təqdim olunmamasına görə xəbərdarlıq edilir və ya 25 manatdan 40 manatadək miqdarda cərimə edilir.

Maddə 351 də yeni qaydada verilərək bildirilir ki, çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatını orqan və təşkilatlar tərəfindən çağırışçılara və hərbi vəzifəlilərə onların müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə məlumatın verilməməsi, yaxud onların çağırış məntəqələrinə və ya toplanış yerinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat miqdarında cərimələnəcəklər.

Bu maddənin mövcud variantı isə belədir: Hərbi vəzifəlilərin və çağırışçıların hərbi komissarlıqlara çağırılması haqqında hərbi komissarlıqların tələbi üzrə onlara xəbər verilməsinin Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, idarələrin, təşkilatların və təhsil ocaqlarının rəhbərləri və ya hərbi uçot işi üçün mәsuliyyәt daşıyan digər vəzifəli şəxsləri tərəfindən təmin edilməməsinə, yaxud vətəndaşların çağırış məntəqələrinə və toplanış məntəqələrinə vaxtında gəlməsinə maneçilik törədilməsinə görə 30 manatdan 50 manatadək miqdarda cərimə edilir. 

Layihə müzakirələrin sonunda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi