Azərbaycan və Belarus sərhədlərin qorunması sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Belarus sərhədlərin qorunması sahəsində əməkdaşlığı genişləndirir Tərəflər arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Hərbi
5 Avqust , 2015 15:45
Azərbaycan və Belarus sərhədlərin qorunması sahəsində əməkdaşlığı genişləndirir

Bakı. 5 avqust. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı general–polkovnik Elçin Quliyevin dəvəti ilə Belarusun Dövlət Sərhəd Komitəsinin sədri general-polkovnik Maltsev Leonid Semyonoviçin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Bu barədə "Report"a DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Öncə nümayəndə heyəti ümumilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Sonra qonaqlar DSX-nin rəisi – Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyevlə görüşüblər. 

Görüş zamanı Azərbaycan DSX və Belarus DSK arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında sərhəd təhlükəsizliyinin təmin olunması, miqrasiya proseslərinin idarə edilməsi, dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyəti, təcrübə mübadiləsinin davam etdirilməsi, o cümlədən inkişaf etdirilən sərhəd idarəçiliyi sahəsində həyata keçirilən layihələr çərçivəsində əməkdaşlığın genişləndirilməsi və digər maraq doğuran məsələlər müzakirə edilib.

Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd edilib, həmçinin sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər barəsində məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti DSX-nin Sahil Mühafizəsi, Akademiyası, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, Xüsusi Məktəb, atçılıq mərkəzi və digər bölmələrinin fəaliyyəti ilə tanış olublar.

Son xəbərlər

Orphus sistemi