Bakı. 18 avqust. REPORT.AZ/ ABŞ-ın Oklahoma Milli Qvardiyasının hərbi tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycanın Müdafiə Nazirliyinin hərbi tibb üzrə mütəxəssisləri ilə informasiya mübadiləsi aparmaq və təcrübələrini bölüşmək məqsədilə seminar keçirir.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, seminar zamanı ABŞ və Azərbaycanın hərbi tibb mütəxəssisləri arasında hərbi tibb dəstəyinin göstərilməsi üzrə təlimlərin təşkilində metodologiyalar, tibbi kəşfiyyat, ilkin yardımın göstərildiyi məntəqələr, əməliyyatlar zonasının tibbi hava təxliyə sistemi, tibbi personal və avadanlıq ilə bağlı Cenevrə Konvensiyalarının tələbləri və tərəfləri maraqlandıran digər mövzularda müzakirələr aparılacaq.
Seminar avqustun 19-dək davam edəcək.