Yuxarı

​Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlığa dair saziş imzalanacaq

Zakir Həsənov: Səfərimin əsas məqsədi müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin aprelin 2-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün Tbilisiyə gəlib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 1-də nazir Z.Həsənov Tbilisinin mərkəzindəki Heydər Əliyev parkına gələrək Azərbaycan xalqının Ümummilli Liderinin abidəsi önünə əklil qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.

Nazir jurnalistlərə müsahibəsində deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında əlaqələr müxtəlif strukturlar arasında üçtərəfli formatda inkişaf etdirilir: "Gürcüstana səfərimin əsas məqsədi müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etməkdir. Artıq hər üç ölkənin müdafiə nazirləri arasında Naxçıvanda ilk görüş keçirilib. Bu, sayca ikinci görüşümüzdür. Bu görüşdə üçtərəfli formatda münasibətlərin inkişafı, eləcə də əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində danışıqlar aparılacaq. Müzakirələr tam başa çatdıqdan sonra əməkdaşlığa dair üçtərəfli sazişin imzalanması da nəzərdə tutulub".

Zakir Həsənov vurğulayıb ki, görüşdə regiondakı vəziyyət də diqqət mərkəzində olacaq, Ermənistanın təcavüzkar siyasəti barədə iştirakçılara məlumat veriləcək.

Qeyd edək ki, ziyarətçilər arasında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və digər rəsmi şəxslər də olublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi