Bakı. 24 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında "TURAZ Şahini təlimləri" üçün sahib ölkə dəstəyinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.
"Report" xəbər verir ki, fərmanla iki ölkə arasında 2015-ci il avqustun 14-də Bakı şəhərində və sentyabrın 18-də Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilməlidir.
Azərbaycanın Müdafiə Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycanın Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətinə bildiriş göndərməlidir.