Yuxarı

Azərbaycan Moskvada “Spasskaya başnya” musiqi festivalında iştirak edir

​Azərbaycan “Spasskaya başnya” musiqi festivalında iştirak edir

"Azərbaycan ilk dəfə olaraq “Spasskaya başnya” beynəlxalq hərbi musiqi festivalının iştirakçısıdır. Respublikamızı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinin orkestri təmsil edir. Orkestrin rəhbəri mayor Fariz Məmmədzadədir. Bundan başqa kollektivin tərkibinə Azərbaycan Silahlı qüvvələrinin mahnı və rəqs ansamblının üzvləri də daxildir".

Bu fikirləri "Report"un Rusiya bürosuna müsahibəsində kollektivin bədii rəhbəri, polkovnik Etibar Əliyev bildirib.

Bütün nömrələrin hazırlanmasında Azərbaycanın Xalq artisti Təranə Muradovanın kollektivə yaxından kömək etdiyini bildirən polkovnik baş məşq zamanı Rusiyanın tanınmış müsiqiçilərinin həm orkestrin, həm də rəqs qrupunun peşəkarlığını qeyd etdiklərini söyləyib.

"Sevindirici haldır ki, bu cür tanınmış musiqiçilərdən yüksək qiymət alırıq. Təşkilatçılar tərəfindən şəhərin müxtəlif yerlərində, mədəniyyət və istirahət mərkəzlərində, geniş meydanlarda kollektivin solo çıxışları nəzərdə tutulub. Orkestrin şəhər sakinləri və qonaqlar üçün keçirəcəyi konsert proqramlarında Azərbaycanın görkəmli bəstəkarlarının musiqi əsərləri və dünya klassiklərinin mahnılarını tamaşaçılara təqdim edəcəyik", - deyə E.Əliyev bildirib. O, qeyd edib ki, Rusiyanın prezident orkestri Azərbaycana səfər etməyi planlaşdırıb.

"Festival çərçivəsində zurna və balabanın ifasında Azərbaycanın ən gözəl muğamlardan olan “Bayatı Şiraz”, Müslüm Maqomayevin "Azərbaycan" mahnısı, sonda isə Üzeyir Hacıbəyovun "Çəngi marşı" səsləndiriləcək",- deyə kollektivin rəhbəri Azərbaycan təmsilçilərinin festivalda iştirakını yüksək qiymətləndirib.

"Spasskaya başnya" hərbi kollektivlərin müsiqi festivalı dünyanın ən böyük üç festivalı sırasındadır. 2007-ci ildən keçirilən musiqi bayramında Azərbaycan ilk dəfədir iştirak edir. Festival avqustun 23-də start götürüb və sentyabrın 1-ə kimi davam edəcək.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi