Yuxarı

Aydın Mirzəzadə: “Azərbaycan Ordusuna qarşı kampaniya aparanlar Ermənistanın maraqlarına xidmət edirlər”

Azərbaycan Ordusuna qarşı kampaniya aparanlar Ermənistana xidmət edir

“Hər bir şəxs ölkəsi, dövləti və xalqı ilə bağlı məsələlərə həssas yanaşmalıdır. Hər birimiz özümüzü ordumuzun əsgəri formasında hiss etməliyik. Ancaq bir qrup insan vətənpərvərliyin olmamasından, xarici təsirlərin altına düşərək ordumuz haqqında yalan və böhtan yaymağı özlərinə rəva bilir. Onlar bunun qanunazidd olduğunu dərk etməlidirlər”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib.

O bildirib ki, ordu müstəqilliyin qarantıdır: “İstənilən şəxs ordu ilə bağlı böhtan xarakterli məlumatlar yaymaqdan çəkinməlidir. Hesab edirəm ki, belə məlumatlar yayanların, yazanların bir qisminin Azərbaycana və azərbaycanlılara heç bir aidiyyatı yoxdur. Kimsə belə məlumatlara rast gəlsə, mütləq ona öz vətəndaşlıq mövqeyini bildirməlidir, həmin məlumatların yalan olduğunu qeyd etməlidir. Orduya qarşı kampaniyaya getmək olmaz. Xalqımız, xüsusən də gənclərimiz ordumuzu sevir, ona inanır və ordumuzun sıralarında xidmət etməyi özlərinə şərəf bilir”.

Aydın Mirzəzadə

Aydın Mirzəzadə:

"Belə məlumatlar yayanların, yazanların bir qisminin Azərbaycana və azərbaycanlılara heç bir aidiyyatı yoxdur".

A.Mirzəzadənin sözlərinə görə, Azərbaycan Ordusu haqqında mənfi fikrin yaranmasına maraqlı olan tərəf ilk növbədə Ermənistandır: “Ermənistan ordumuzun zəifləməsində, ordu ilə xalq arasında uçurumun olmasında maraqlıdır. Çünki Ermənistan tərəfi bilir ki, torpaqlarımızın işğaldan azad edilməsində ordunun müstəsna rolu var. 2016-cı ilin Aprel döyüşləri, daha sonra Naxçıvan və Qazax istiqamətidnə bir sıra yüksəkliklərin, ərazilərin işğaldan azad olunmasında ordumuzun rolu yüksək olub. Bu gün Ermənistanda Azərbaycan Ordusunun döyüşə tam hazır olduğunu birmənalı şəkildə etiraf edirlər”.

Komitə sədrinin müavini həmçinin qeyd edib ki, bu gün Azərbaycan Ordusu dünya ordularının reytinqində 52-ci yeri tutur: “Hesab edirəm ki, bu kifayət qədər yüksək bir nəticədir. Ermənistan ordusu isə bu sırada 90-cı yerdən bir qədər yuxarıdadır. Bu, bir daha Azərbaycan Ordusunun Ermənistan ordusundan güclü və qüdrətli olmasını göstərən sübutdur. Bildiyiniz kimi, Azərbaycan Ordusunun tez-tez hərbi təlimləri keçirilir. Bu, bir daha ordumuzun hərbi qüdrətini, fiziki imkanlarını artırır. Həmçinin hərbi təlimlər hərbçilərimizin peşəkarlığının yüksəlməsinə böyük töhfə verir. Bundan əlavə, hərbçilərimiz vaxtaşırı olaraq xarici ölkələrdə keçirilən hərbi idman yarışlarında iştirak edirlər. Həmin yarışlardan hərbçilərimiz yüksək nəticələrlə ölkəmizə qayıdırlar. Bütün bunlar göstərir ki, Azərbaycan Ordusu öz üzərinə düşən vəzifələri yüksək şəkildə yerinə yetirməyə hazırdır. Bu da ordu quruculuğu məsələlərinin dövlətin diqqət mərkəzində olmasından, Ali Baş Komandan, Prezident İlham Əliyevin ordu quruculuğu məsələlərinə böyük önəm verməsindən irəli gəlir”.

A.Mirzəzadə bildirib ki, hər il Azərbaycanın dövlət büdcəsində müdafiə xərcləri əhəmiyyətli yer tutur: “Hərbi qulluqçuların sosial problemlərinin həllinə böyük diqqət yetirilir. Həmçinin hərbi infrastrukturun yaradılması vacib məsələlərdən biri hesab edilir. Bütün bunlar isə ordumuzun müasir tələblərə cavab verən dövlət təsisatı olmasına imkan yaradır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi