Yuxarı

Azərbaycan “NATO-Gürcüstan Təlimi 2019”da iştirak edəcək

​Azərbaycan “NATO-Gürcüstan Təlimi 2019”da iştirak edəcək

Martın 18-29-da Gürcüstanda “NATO-Gürcüstan Təlimi 2019” keçiriləcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Komanda-qərargah təlimi Tbilisi yaxınlığında NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzi (JTEC) və Krtsanisi Milli Təlim Mərkəzində baş tutacaq.

Təlimin rəsmi açılış mərasimi martın 18-də Gürcüstanın Müdafiə Nazirliyinın “Armyhall” zalında olacaq.

Təlimdə NATO-ya üzv və Alyansın tərəfdaşı olan, ümumilikdə, 24 ölkə - Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, ABŞ, Azərbaycan, Gürcüstan, İsveç iştirak edəcək.

“NATO-Gürcüstan Təlimi 2019” birgə çoxmillətli təlimə ilk dəfə olaraq Gürcüstanın Müdafiə Qüvvələrinin Baş Qərargahı rəhbərlik edəcək. Təlimin məqsədi Gürcüstan, NATO-ya üzv və Alyansın tərəfdaş ölkələrinin silahlı qüvvələrinin komanda və nəzarət imkanlarının artırılması, mülki və hərbi şəxslərin əməkdaşlığı, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarının cəlb olunması ilə böhran hallarına kompleks yanaşmanın tətbiqini sınaqdan keçirməkdən ibarətdir.

Təlimə Beynəlxalq Qırmızı Xaç Komitəsi (ICRC), BMT-nin Sülhməramlı Əməliyyatlar üzrə Departamenti (DPKO) və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) müşahidəçi və mentor qismində cəlb olunacaqlar.

Qeyd edək ki, birinci “NATO-Gürcüstan Təlimi” 2016-cı ildə keçirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi