Yuxarı

​Azərbaycan müdafiə naziri Türkiyədə bir sıra görüşlər keçirib

Görüşlərdə Azərbaycan-Türkiyə bölmələrinin birgə təlimləri müzakirə edilib

Bakı. 6 may. REPORT.AZ/ İstanbul şəhərində keçirilən "İDEF-2015" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müdafiə naziri sərgidə nümayiş etdirilən Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif təyinatlı məmulatları maraqla izləyib.

Sərginin keçirildiyi günlərdə müdafiə nazirinin Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar və başqaları ilə təkbətək görüşləri olub.

Görüşlərdə iki ölkə arasında müdafiə sahəsində mövcud vəziyyət, hərbi, hərbi-texniki və hərbi təhsil istiqamətlərində ikitərəfli əməkdaşlığın müxtəlif aspektləri, xüsusilə mayın 12-dən 16-dək Azərbaycanda keçiriləcək Azərbaycan-Türkiyə Quru Qoşunları bölmələrinin növbəti birgə taktiki təliminin icrası ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi