Yuxarı

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Zakir Həsənov Türkiyə Jandarma Qüvvələrinin Baş Komandanı ilə görüşüb

Bakı. 5 may. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Jandarma Qüvvələrinin Baş Komandanı, ordu generalı Qalip Mendinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Müdafiə Nazirliyində qəbul edilən türkiyəli general protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq regiondakı hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat verib, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığını, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Müdafiə naziri fəaliyyətlərin dövlət başçılarının dəstəyi, hərbi qurumlar arasında razılığa və təsdiq olunmuş illik əməkdaşlıq planlarına əsasən sürətlə davam etdirilərək daha da genişləndiriləcəyini vurğulayıb.
General-polkovnik Z.Həsənov Türkiyə Jandarma Quvvələri Baş Komandanının Azərbaycana səfərinin əlaqələrimizin daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Ölkəmizə ilk səfərindən məmnunluğunu bildirən ordu generalı Q.Mendi dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu xüsusi qeyd edib.

Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin perspektivləri, hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi