Azərbaycan hərbi dənizçiləri "Xəzər kuboku - 2016" müsabiqəsində uğur qazanıb

Azərbaycan hərbi dənizçiləri "Xəzər kuboku - 2016" müsabiqəsində uğur qazanıb Avqustun 13-də "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarına yekun vurulacaq və qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək
Hərbi
10 Avqust , 2016 16:57
Azərbaycan hərbi dənizçiləri Xəzər kuboku - 2016 müsabiqəsində uğur qazanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycan hərbi dənizçilərinin iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları - 2016" yarışları çərçivəsində keçirilən "Xəzər kuboku - 2016" müsabiqəsi başa çatıb. 

"Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, birinci mərhələdə poliqona girməklə hava hədəfinin artilleriya atəşi ilə məhv edilməsi zamanı hərbi dənizçilərimiz G-124 gözətçi gəmisindən təyyarədən atılmış yanan bombaya atəş açaraq hədəfi məhv edib. Bu uğurlu atəş 40 bal sistemi ilə qiymətləndirilib və dənizçilərimiz birinci mərhələdə birinci yerə layiq görülüb.

İkinci mərhələdə dəniz hədəfinin artilleriya qurğusundan məhv edilməsi zamanı 4 300 metr məsafədən atəş açan dənizçi heyətimiz epizoda görə 20 bal toplayaraq ikinci yeri tutub.

Üçüncü mərhələdə hərəkətdə ikən üzən mina hədəfinin artilleriya atəşi ilə məhv edilməsi planlaşdırılıb. G-124 gəmisi poliqona daxil olmaqla 280 metr məsafədən minanı məhv edərək 40 bal toplayıb və ikinci yeri qazanıb.
Ümumilikdə poliqonda keçirilən silah atışlarının hər 3 mərhələsinin nəticələrinə görə Azərbaycan hərbi dənizçilərinə məxsus G-124 gözətçi gəmisi ən çox bal toplayaraq birinci yerə layiq görülüb.

Sonra mini futbol üzrə yarışlar keçirilib. G-124 gəmisinin heyəti Rusiyaya məxsus "Uqliç" gəmisinin heyətinə 3:6 hesabı ilə məğlub olmasına baxmayaraq Qazaxıstana məxsus "Oral" gəmisinin heyətinə 7:2 hesabı ilə qalib gəlib və nəticə etibarilə ikinci yeri tutub.

Hərbi idaman oyunları çərçivəsində dəniz hazırlığı üzrə yarışların son mərhələsinin şərtlərinə əsasən hərbi gəmilər dəniz poliqonunda lövbərə durmalı, çəlləyə bağlanaraq təyin olunmuş kursda dayanmaqla tapşırığı yerinə yetirməli idi. Mərhələnin nəticələrinə görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-124 gəmisi bütün şərtlərə əməl edərək ən yüksək göstərici olan 40 balla birinci yerə çıxıb.

"Xəzər kuboku - 2016" müsabiqəsində ümumi nəticələrin bal hesabına uyğun olaraq komandamız ikinci yeri tutub və dənizçilərin yarışı başa çatıb. 

Avqustun 13-də "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarına yekun vurulacaq və qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi