Yuxarı

Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı hər il artır - VİDEO

Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan xarici kursantların sayı

1939-cu ildə əsası qoyulan Azərbaycan Ali Hərbi Məktəbində yaradılan infrastruktur təhsil prosesinin müasir standartlara uyğun şəraitdə tədrisinə imkan yaradıb.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hazırda ali təhsil ocağının 4 fakültəsinin 21 kafedrasında 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır. 

Təhsil ocağının daxilində hazırda 10-dan çox müxtəlif ixtisaslı məktəbin fəaliyyəti cəmləşdirilib. Təhsil müəssisəsində yaradılan müasir tədris şəraiti ali məktəbdə yerli kursantlarla yanaşı xarici dövlətlərdən olan kursantların da yüksək səviyyədə hərbi təhsil almasına əlverişli imkan yaradıb.

Son illər hərbi məktəb bir çox xarici dövlətlərin hərbi təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ciddi addımlar atıb. Məhz bu əlaqələrin nəticəsidir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xarici dövlətlərdən, xüsusilə Qırğızıstan, Tacikistan və Əfqanıstandan olan kursantlar təhsil alırlar. Həmin ölkələrin kursantları yerli kursantlarla bərabər nəzəri və praktiki dərslərdə elmi və hərbi biliklər qazanırlar. O cümlədən onlar simulyator zallarında atışların həyata keçirilməsi, artilleriya, aviasiya vasitələrinin və digər zirehli texnikaının, eyni zamanda döyüş əməliyyatlarının idarə olunması kimi vərdişlərə yiyələnirlər.

Qeyd edək ki, Ali Hərbi Məktəbdə kursantların elektron və kompüter siniflərində elmin son nailiyyətləri ilə tanış olması, idman zallarında fiziki hazırlıqlarının artırılması və asudə vaxtlarının səmərəli təşkili üçün də lazımi şərait yaradılıb.

Artıq Qazaxıstan və Özbəkistan da öz kursantlarının Azərbaycan Ali Hərbi Məktəbində gələcəyin yüksək ixtisaslı zabitləri kimi yetişməsi üçün müraciət edib.

Onu da bildirək ki, hərbi təhsil sahəsindəki əməkdaşlıq çərçivəsində bu gün, eyni zamanda azərbaycanlı kursantlar da dünyanın bir çox dövlətlərinin nüfuzlu ali hərbi məktəblərində təhsil alırlar. Bu əməkdaşlıq prosesi isə yalnız bir məqsədə - peşəkar zabit kadrların hazırlanmasına xidmət edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi