Yuxarı

Azərbaycan “ADEX 2016”da yeni müdafiə məhsulları təqdim edəcək

Sərgi sentyabrın 27-30-da Bakı Ekspo Mərkəzində keçiriləcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-30-da Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın nümayişi - “ADEX 2016” II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək.

"Report"un məlumatına görə, müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti iştirak edəcək: "Sərgi çərçivəsində Azərbaycan milli pavilyonu ölkənin milli müdafiə kompleksini təqdim edəcək. Nazirliyin müəssisələri müdafiə və xüsusi təyinatlı məhsulları, eləcə də silah-sursat nümunələrini nümayiş etdirəcəklər".

Onun sözlərinə görə, builki sərgidə yerli eksponatların sayı artıb: "Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki struktur və zavodlar, o cümlədən Müdafiə Nazirliyi və ANAMA agentliyi sərgidə fəal iştirak edəcəklər. Sərgi çərçivəsində Azərbaycanın müdafiə sənayesinin bir sıra yeni məhsullarının təqdimatı planlaşdırılır". 

Qeyd edək ki, sərgi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Bu il sərgini nazir, hərbi idarə rəhbərlərinin başçılıq etdiyi 25 rəsmi nümayəndə heyəti, Türkiyə, Rusiya, İsrail, Pakistan, İran və digər ölkələrin müvafiq strukturlarının nümayəndələri ziyarət edəcəklər. Öz nümayəndə heyətlərini sərgiyə ilk dəfə göndərən ölkələr arasında Bolqarıstan, Bosniya və Herseqovina, həmçinin Serbiya yer alır. Sərgidə ilk dəfə zirehli texnikalara xidmət və texniki baxış üzrə servis mərkəzi layihəsi təqdim ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi