Arzu Rəhimov: "Ötən 5 ildə Xidmət tərəfindən əsaslı tədbirlər görülüb"

Arzu Rəhimov: "Ötən 5 ildə Xidmət tərəfindən əsaslı tədbirlər görülüb" Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə bağlı tədbir keçirilib
Hərbi
13 Fevral , 2017 17:43
Arzu Rəhimov: Ötən 5 ildə Xidmət tərəfindən əsaslı tədbirlər görülüb

Bakı. 13 fevral. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının 5-ci ildönümü ilə bağlı tədbir keçirilib.

SHXÇDX-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu münasibətlə Xidmətin şəxsi heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra Xidmətin Aparatının inzibati binasında tədbir davam etdirilib. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətəndaşların xatirəsini bir dəqiqələk sükutla yad ediblər. Tədbir Dövlət Himninin ifası ilə başlanılıb, Xidmətin 5 illik fəaliyyətini əks etdirən slayd şou nümayiş etdirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. 

O qeyd edib ki, Xidmət tərəfindən 5 illik fəaliyyət dövründə qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə yerinə yetirilib: "Ötən müddət ərzində Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini verib. Dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 5 il ərzində Xidmət tərəfindən əsaslı tədbirlər görülüb, səfərbərlik hazırlığı və çağırış işinin təşkili, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə olunub".

Tədbirdə çıxış edən qonaqlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından keçən 5 il ərzində böyük nailiyyətlər qazanıldığını və qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirildiyini bildiriblər.

Xidmətin yaradılmasının 5-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində orta məktəblərin yuxarı sinif şagirdləri arasında “Sabahın əsgəri” yazı müsabiqəsi, “ASAN xidmət” mərkəzləri arasında “Vətənin müdafiəsinə hazıram!” adlı atıcılıq turniri təşkil edilib, Xidmətin zabitləri və QHT rəhbərlərindən ibarət nümayəndə heyəti İkinci Dünya Müharibəsi veteranı istefada olan general-polkovnik Tofiq Ağahüseynova, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri istefada olan general-mayor Dadaş Rzayevə, İkinci Dünya Müharibəsi veteranı istefada olan polkovnik Əbdülağa Cavadova yaşadığı ünvanda baş çəkərək diplom və qiymətli hədiyyələr təqdim olunub.

Tədbirin sonunda dəvət olunan qonaqlar və xidmətdə fərqlənən əməkdaşlar təltif edilib.

Son xəbərlər

Orphus sistemi