Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bu ilin noyabr ayı ərzində 1 876 649 kv.m ərazini yoxlayıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizləyib.
ANAMA-dan “Report”a verilən məlumata əsasən, bu müddət ərzində 223 ədəd PHS və 3 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Agentliyin əməliyyatlarında 489 nəfər əməliyyat heyəti, 127 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.
ANAMA bu günədək 391 480 601 kv.m ərazi təmizləyib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 752 928-dir.
Ötən ay ərzində Agentlik təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Tərtər, Gəncə, Lənkəran, Xocavənd və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirib.
Bu ilin noyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.