Zakir Həsənov: “NATO ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan Ordusunun əsas prioritet istiqamətlərindən biridir”

Zakir Həsənov: “NATO ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan Ordusunun əsas prioritet istiqamətlərindən biridir” NATO ilə tərəfdaşlığımızın 25-ci ildönümünün qeyd edilməsi bizim əməkdaşlıqda qazandığımız nailiyyətlərimizin təcəssümüdür. Bu uğur Azərbaycanın 25 il əvvəl çətin bir zaman kəsiyində qərar verdiyi istiqamətlər üzrə həyata keçirdiyi kompleks fəaliyyətlərin nəticəsidir.
Hərbi
3 May , 2019 09:47
Zakir Həsənov: “NATO ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan Ordusunun əsas prioritet istiqamətlərindən biridir”

"NATO ilə tərəfdaşlığımızın 25-ci ildönümünün qeyd edilməsi bizim əməkdaşlıqda qazandığımız nailiyyətlərimizin təcəssümüdür. Bu uğur Azərbaycanın 25 il əvvəl çətin bir zaman kəsiyində qərar verdiyi istiqamətlər üzrə həyata keçirdiyi kompleks fəaliyyətlərin nəticəsidir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib. 

Nazir xatırladıb ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin may ayının 4-də Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədini imzalaması ilə Azərbaycan SNT proqramına qoşulub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu proqram NATO ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri arasında səmərəli hərbi əməkdaşlığın və uyarlığın təmin olunmasında ən uğurlu mexanizmlərdən biri kimi özünü doğruldub.

Onun sözlərinə görə, NATO ilə qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi Azərbaycan Ordusunun hərbi əməkdaşlığının əsas prioritet istiqamətlərindən biridir: "Azərbaycan ilə NATO arasında qurulmuş tərəfdaşlıq və müxtəlif sülhməramlı missiyalarda birgə fəaliyyət ölkəmizin Avro-Atlantik məkanda təhlükəsizliyi və sabitliyi təmin etmək üçün göstərdiyi səylərin və xoşməramlı niyyətimizin bariz nümunəsidir. Azərbaycan üzləşdiyi çağırışlara baxmayaraq, ilk günlərdən etibarən Kosovoda və Əfqanıstanda NATO-nun başçılığı altında həyata keçirilən əməliyyatlara qatılaraq beynəlxalq sabitliyə nail olmaq üçün töhfəsini verib".

Z.Həsənov bildirib ki, qloballaşan dünyada hər bir böhran və ya münaqişə digər ölkələrə təsirsiz ötüşmür və bu kontekstdə Azərbaycan Avro-Atlantik məkanda sülhə və təhlükəsizliyə nail olmaq üçün NATO ilə əməkdaşlıq edir və bundan sonra da edəcəkdir: "Biz bunu yaxşı çox yaxşı dərk edirik. Təsadüfi deyil ki, Azərbaycan Planlaşdırma və Analiz Prosesinə qoşulan ilk ölkələrdən biridir. Praktiki əməkdaşlığın təməlini təşkil edən bu mexanizm müasir ordu quruculuğunun əsaslarına söykənən müdafiə islahatlarının həyata keçirilməsinə, zəruri əməliyyat uyarlığının təmin edilməsinə və Silahlı Qüvvələrin transformasiyasına töhfə verir". 

Müdafiə naziri xüsusi ilə qeyd edib ki, Azərbaycan Ordusu əməliyyat uyarlığına nail olmaq üçün NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Qiymətləndirmə və Rəy Proqramından səmərəli istifadə edir: "Azərbaycan Ordusu 2004-cü ildə proqrama bir bölüklə qoşulmuş, bu gün isə bütün qoşun növlərindən olan bölmələr bu proqrama cəlb edilmişdir. Hərbçilərimiz qazandıqları təcrübə ilə təkcə respublika daxilində deyil, həm də digər tərəfdaş ölkələrlə bölüşərək proqramın inkişafına töhfə verirlər. Təbii ki, hərbi sahədə müvəffəqiyyətə nail olunması əməliyyat uyarlığı səviyyəsi ilə düz mütənasibdir. Lakin dayanıqlı tərəfdaşlığın əldə edilməsi insan uyarlığının və həmfikirliyin əldə olunması ilə bağlı olan danılmaz bir faktdır. Bu kontekstdə mən NATO-nun Tərəfdaşlığın Qərargah Vəzifəsi proqramını xüsusi ilə qeyd etmək istərdim".

"Bizim NATO ilə substantiv əməkdaşlığımız Alyansın təhsil və təlim standartlarının peşəkar hərbi təhsil sistemimizə inteqrasiya edilməsini də əhatə edir. On ildən artıqdır ki, Azərbaycan NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi” proqramı çərçivəsində yeni çağırışlara, mürəkkəb və dinamik strateji mühitdə bütün növ təhdidlərə cavab verə biləcək liderlərin hazırlanmasını həyata keçirir.

NATO-nun müxtəlif əməkdaşlıq proqramları müsbət dəyişikliklər istiqamətində təsirli vasitə kimi özünü göstərir. Düşünürük ki, Avro-Atlantik məkanının ümumi sabitliyi və təhlükəsizliyi regional ölkələrin apardıqları daxili islahatlardan və beynəlxalq əməkdaşlıqdan asılıdır. Bizim yaxından iştirak etdiyimiz NATO-nun tərəfdaşlıq mexanizmləri və əməkdaşlıq proqramları Azərbaycanın, eləcə də bütün regionun müdafiə və təhlükəsizlik sahəsində islahatlar üçün çərçivənin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır və regional, o cümlədən Avro-Atlantik məkanın təhlükəsizliyini möhkəmləndirir", - general-polkovnik Zakir Həsənov vurğulayıb.

"Ölkəmiz hər zaman sülh ideyalarına sadiqliyini nümayiş etdirir və müvafiq siyasəti həyata keçirməklə regional və qlobal miqyasda sabitliyin saxlanılmasını hər vəchlə dəstəkləyir. 25 illik çoxşaxəli əməkdaşlığımız, sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhə verdiyimiz töhfə və Avro-Atlantik məkanda sülhə nail olmaq istiqamətində həyata keçirdiyimiz uğurlu layihələr müvəffəqiyyətli tərəfdaşlığımızın təzahürüdür. İnanıram ki, bu günədək əməkdaşlıqda qazanılmış nailiyyətlər gələcək uğurlarımızın carçısıdır.

Əminəm ki, biz bu strateji əhəmiyyətli tərəfdaşlığı inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyik",- nazir bildirib. 

Son xəbərlər

Orphus sistemi