Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanda xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları ictimai işlərə və inzibati cəriməyə cəlb edilməyəcəklər. “Report” xəbər verir ki, bununla bağlı Milli Məclisdə Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik edilib.
İXM-in 15.3-cü maddəsinə ediləcək əlavəyə görə, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ictimai işlər və inzibati cərimə tətbiq edilə bilməz. Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarını ictimai işlərə cəlb edilə bilməməsi 28-1.3.5-ci maddədə də əks olunub.
15.3-cü maddənin “Qeyd” hissəsinə edilən əlavəyə görə isə, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları da hərbi qulluqçu hesab ediləcəklər.
Qeyd edək ki, dəyişikliklər səsə qoyularaq qəbul edilib.