Vilayət rəhbəri: "Çerniqov hər gün atəşə tutulur, 500-dən çox ölən var"

Vilayət rəhbəri: "Çerniqov hər gün atəşə tutulur, 500-dən çox ölən var" "Çerniqov vilayəti hər gün həm Rusiya, həm də Belarus ərazisindən atəşə tutulur".
Hərbi
27 May , 2022 11:21
Vilayət rəhbəri: Çerniqov hər gün atəşə tutulur, 500-dən çox ölən var
Vyaçeslav Çaus

"Çerniqov vilayəti hər gün həm Rusiya, həm də Belarus ərazisindən atəşə tutulur".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukraynanın Çerniqov vilayəti administrasiyasının rəhbəri (qubernator) Vyaçeslav Çaus bildirib.

O deyib ki, Ukraynanın Rusiya və Belarus ilə sərhədində yerləşən Çerniqov hər iki ölkə tərəfindən atəşə tutulur: "Mən bu ölkələri iki fərqli ölkə kimi bir-birindən ayırmıram. Təəssüf ki, bu gün onlar bizim düşmənimiz mövqeyindədirlər. Çünki Belarus da ərazisini Rusiyanın sərəncamına verib və oradan Rusiya təyyarələri havaya qalxıb Ukrayna ərazisinə raket zərbələri endirir. Çoxları müharibənin Çerniqov vilayətindən başladığını deyir. Mən qətiyyən bununla razı deyiləm. Çünki, birincisi, müharibə təkcə vilayətdə yox, bütün ölkə ərazisində gedir. Nə qədər ki, ölkə ərazisində bir nəfər belə olsun, sağ rusiyalı əsgər olacaqsa, başımızın üstündən raketlər uçmağa davam edəcək, başqa sözlə, müharibə davam edəcək. Bu müddətdə istənilən şəhərdə, yaşayış məntəqəsində olmaq təhlükəlidir. Rusiya təcavüzündən danışırıqsa, ruslar Çerniqov vilayətində olduğu müddətdə 3,5 mindən çox daşınmaz əmlak dağıdılıb və ya zərər görüb. Buraya həm yaşayış məqsədli daşınmaz əmlak, həm inzibati binalar daxildir. Bunun da 95%-dən çoxu hərbi obyektlərlə heç bir əlaqəsi olmayan mülki şəxslərə aid əmlakdır. Düşmən qəsdən vilayətimizin mülki infrastrukturuna avia, bomba, artielleriya zərbələri endirib".

Vilayət rəhbəri vurğulayıb ki, vilayətin inzibati mərkəzi olan Çerniqov şəhərində 300-dən çox, ümumilikdə vilayətimizdə isə 500-dən çox insanın ölümünə səbəb olub, eyni zamanda, 1,5 minə yaxın insan yaralanıb:

"Öldürülənlərin dəqiq sayını ona görə deyə bilmirəm ki, təcavüzkar Rusiya ordusunun olduğu yerlərdə bu gün də yeni-yeni meyitlər tapmağa davam edirik. Rusiya ordusunun olduğu bütün ərazilər demək olar “çirklənib”. Orada hər yerdə minalar və partlamamış sursatların qalıqları var. Çoxsaylı raket zərbələri, hətta qadağan edilmiş kassetli bombalar atmaqları belə azmış kimi, Rusiya əsgərləri vilayətin ərazisindən çıxarkən hər yerə minalar döşəyiblər. Ona görə də xilasedicilərmiz indi ərazilərin minalardan təmizlənməsi ilə məşğul olurlar. Təbii ki, əvvəlcə daha vacib infrastrukturlardan – yollardan, yaşayış məhəllələrindən, elektrik və başqa şəbəkələrin olduğu yerlərdən başladıq. Hələ də minalanmış vəziyyətdə olan torpaq sahələrimiz, meşə zonaları var. Çünki onlar hələ prioritetdə deyillər. Odur ki, minatəmizləmə işləri üzrə çox böyük işlər görülür. Amma yenə də faciəvi hallardan qaçmaq mümkün olmur. Bu günlərdə traktorçu öz sahəsində işləyərkən minaya düşdü və öldü. Bizdə onların vilayətimizə soxulduqları zamanlarda harada olmalarına dair xəritələr var. Xilasedicilər, pirotexniklər o zonalara gedib minaların təmizlənməsi ilə məşğul olurlar. Təcavüzkar Rusiyanın olduğu yerlərdə praktiki olaraq 100% göstərici ilə minalar tapılır. Biz onların harada olduqlarını bilirik, bu, vilayət ərazisinin demək olar üçdə iki hissəsidir".

Onun sözlərinə görə, hər gün vilayət, Rusiya ilə sərhədyanı ərazilərimiz minamyot atəşinə tutulur.

"Bildiyiniz kimi, ötən həftə Desna qəsəbəsinə raket zərbəsi endirildi və nəticədə 87 nəfər həlak oldu. Bundan başqa, Çerniqov şəhərinin raket atəşinə tutulması nəticəsində 53 nəfərin həyatına son qoyuldu.
İstərdim ki, hamı Rusiyanın təcavüzünün təkcə Ukraynaya qarşı yox, bütün sivil dünyaya qarşı olduğunu başa düşsün. Bütün dünya anlamalıdır ki, bu gün biz birlikdə ümumi düşmənimiz üzərində qələbə qazana bilməsək, təhlükə hər bir ölkə üçün qaçılmaz olacaq", - V.Çaus vurğulayıb.

Son xəbərlər

Orphus sistemi