Veteranlar təşkilatı konfrans keçirib

Veteranlar təşkilatı konfrans keçirib Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib.
Hərbi
14 Yanvar , 2022 15:39
Veteranlar təşkilatı konfrans keçirib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasında “Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər” mövzusunda konfrans keçirilib.

“Report”un xəbərinə görə, tədbiri giriş sözü ilə təşkilatın sədri Fatma Səttarova açıb.

Daha sonra isə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

F.Səttarova çıxışında Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa diqqət çəkib. 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin əsl sərkərdəlik məharəti sərgilədiyini vurğulayan F.Səttarova işğalçı Ermənistan üzərində əldə edilən qalibiyyətin Azərbaycan tarixinə qızıl hərflərlə həkk edildiyini bildirib.

Daha sonra çıxış edən təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov dövlətin qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan bəhs edib, bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb: “Qazilərə, müharibə əlillərinə və şəhid ailələrinə dövlətin göstərdiyi mütəmadi diqqət və qayğı beynəlxalq praktika üçün Azərbaycan modelini formalaşdırıb. Bu model bütün dünyada maraq və təqdirlə qarşılanmaqdadır. Vətən müharibəsində olduğu kimi, bu gün də cəmiyyətin bütün kateqoriyalarının, o cümlədən qazilərin dövlətimiz və onun prezidenti ətrafında birləşməsi zəruridir. Təşkilat vətənpərvərliyin təbliği istiqamətində çoxşaxəli fəaliyyət ortaya qoymaqdadır. Bu məqsədlə qazilərlə mütəmadi görüşlər keçirilir, onların qayğılarının öyrənilməsi və həllinə dəstək verilir".

Sədr müavini son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlərin narahatlıq doğurduğunu vurğulayıb. Onun sözlərinə görə, bəzi hallarda müxtəlif şəxslər qazi adından sui-istifadə etməyə cəhd edir ki, bu da yolverilməzdir: "Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslərin qanunsuz əməlləri ifşa olunmalıdır. Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da anti-xalq və anti-dövlət mahiyyəti daşıyır. Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə etməyə cəhd etməsi yolvverilməzdir və qaziləri bu kimi halllarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi bundan sonra da dövlətin və onun prezidentinin ətrafında birləşməyə səsləyirik".

C.Xəlilov deyib ki, qazilərə diqqət və qayğının sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bununla yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər: "Son vaxtlar 44 günlük Vətən müharibəsi və 2016-cı ilin aprel döyüşləri iştirakçılarından 800 nəfərə qədər qazinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına üzv olub. Respublikanın bütün bölgə və rayonunda təşkilatımızın yerli strukturları mövcuddur. Mən qazilərimizi təşkilata üzv olmağa səsləyirəm. Onlar təşkilatdaxili müzakirələr və tədbirlərdə iştirak edə, onları narahat edən, düşündürən məsələləri dilə gətirə, təşkilatın imkanlarından yararlana bilərlər".

Konfransda çıxış edən 44 günlük Vətən müharibəsi iştirakçıları da dövlətin onlara olan diqqət və qayğısından məmnunluqla bəhs etməklə yanaşı, cəmiyyətdə bəzi hallarda mənfi təzahürlərə də rast gəldiklərini vurğulayıblar. Aparılan müzakirələrdən məlum olub ki, dövlət başçısının xəbərdarlığına baxmayaraq hələ də bəzi məmurlar tərəfindən müharibə iştirakçılarına laqeyd münasibət, o cümlədən süründürməçilik halları mövcuddur ki, bu da qazilərdə haqlı narazılığa səbəb olur.

Konfransda mənfi təzahürlərə qarşı birgə mübarizənin zəruriliyi qeyd olunub və bu cür hallarla qarşılaşan qazilərə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına müraciət etmək, öz hüquqlarını təmin etmək üçün təşkilatın imkanlarından faydalanmaq tövsiyə olunub.

Tədbirdə iştirak edən xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan mayoru Salman Hüseynov, ehtiyatda olan kiçik çavuş Elçin Əhmədov, polkovnik-leytenant Şahin Məmmədov və digərləri çıxış edib.

Son xəbərlər

Orphus sistemi