"Hamımız onun yolunu gözləyirdik. Amma bayrağa bükülmüş tabutunu gətirdilər. Həmin gecə oğlum bizimlə qaldı, səhərisi gün isə əbədi olaraq torpağa tapşırıldı"
Bu sözləri "Report"a açıqlamasında Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Mirzə Novruzovun anası Rüxsarə Novruzova deyib.
Azərbaycan Ordusunun baş leytenantı Novruzov Mirzə Sərvər oğlu 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. O, ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.
“Report”un əməkdaşları Aprel döyüşlərinin 6-cı ildönümü ərəfəsində Mirzə Novruzovun ailəsində olub.
Ailə ilə görüşməzdən əvvəl şəhidin həyat yoldaşı Əfsanə Novruzova ilə əlaqə saxladım. O isə anasının nömrəsini verməyi və mənim onunla danışmağımı təklif etdi. Doğrusu, bir qədər duruxub qaldım. Amma dəqiqləşdirmək üçün bir daha "ananızla?" sualını ona ünvanladım. O isə: - “Yəni yoldaşımın anasını nəzərdə tuturam. Onun nömrəsini deyirəm, qeyd edə bilərsiniz” - deyə dəstəyin o biri tərəfindən danışaraq fikirlərini izah etdi. Nömrəni götürdükdən sonra şəhidin anası Rüxsarə xanımla danışdım və axşam 6-nın yarısında onlarda olacağımı dedim.

Mirzə Novruzov Bakının Alatava qəsəbəsində boya-başa çatıb. Qəsəbə kifayət qədər böyük və qarışıq olduğuna görə, fotoqrafımız Samirə xanımla gedəcəyimiz ünvanı bir xeyli axtarmağa məcbur olduq. Küçələrin arasında var-gəl edən zaman telefonuma Mirzənin qardaşı Ramil bəydən zəng gəldi və harada olduğumuzla bağlı maraqlandı. Olduğumuz yeri tərif edəndə, bizdən arxadakı ağ rəngli avtomobilin ona məxsus olduğunu bildirdi. Biz də onun arxasınca gedərək evlərinə çatdıq. Ramil maşını darvazadan içəri salıb, bizi qarşıladı. Burada öyrəndim ki, şəhidin yoldaşı və uşaqları, Nihat və Nurayla Prezidentin şəhid ailələrinə verdiyi evdə yaşayırlar.
Pilləkənin kandarında olanda Rüxsarə xanım, bizi salamlayaraq içəri dəvət etdi. Daxil olduğumuz otaq şəhid Mirzənin şəkilləri ilə bəzədilmişdi. Rüxsarə xanım bizə rahat olmağımızı deyir və söhbətə başlayırıq.
Mirzənin uşaqlığının necə keçdiyi və onda hərbçi olmaq istəyinin nə zamandan yarandığı haqda danışan Rüxsarə xanım deyir ki, oğlunun uşaqlığı 90-cı ilin əvvəlinə, müharibə dövrünə təsadüf etdiyi üçün hərbiyə, orduya marağı da elə buradan başlayıb:
“Elə məktəb vaxtından, 5-6-cı siniflərdən hərbçi olacağını deyirdi. Həmin ərəfələrdə dayım oğlu da hərbidə idi. Arzusunu mənə deyəndən sonra atası ilə danışdım ki, uşağın belə niyyəti var. Eşidən kimi razı olmadı. Həmin vaxtdakı hadisələr, müharibə gözünü qorxutmuşdu. Hətta Mirzə imtahan verəcəyini deyəndə ona qəbul olmayacağını bildirib, fikrindən daşındırmaq istədi. Amma oğlum istəyində qəti olduğunu dedi. 9-cu sinfini bitirən kimi Naxçıvanski adına hərbi liseyə imtahan verdi. Ana-bala getmişdik imtahana. Atası istəmirdi deyə, bizimlə də gəlməmişdi. Qəbul üçün lazım olan maksimum 30 baldan 28-ni topladı. Evə gəldik, atasının ona gözaydınlığı verməsini deyəndə, yoldaşım elə bildi ki, kəsilib. Mirzə imtahandan keçdiyini deyəndə yenə inanmadı. Sonradan inandıra bildik”.
“İclaslarda komandirləri, müəllimləri Mirzəni çox tərifləyirdirlər”
Anası deyir ki, Bakıda yaşadıqları üçün hər həftə sonu Mirzə evə gələ bilirdi:
“Biz gedib onu liseydən evə gətirirdik. Hər gedəndə, iclaslarda komandirləri, müəllimləri Mirzəni çox tərifləyirdirlər. Deyirdilər Mirzə çox nümunəvi kursantdı. Riyaziyyat müəllimi Gülnarə müəllim bir dəfə liseydə məni görəndə dedi ki, “sən fəxr eləməlisən ki, Mirzə kimi oğlun var. Savadlıdı, çox yaxşı oxuyur. Hətta sinifdə hamıya kömək edir.
Fikirləşdim ki, oğlum yəni elə yaxşı oxuyur ki, hamıya da kömək edir. Riyaziyyatı yaxşı bildirdi. Müəllimləri, komandirləri elə deyəndə mən də sevinirdim ki, arzusunu dəstəklədiyimə peşiman etmədi, məni pis vəziyyətdə qoymadı. Evə gələndə də orda etdiyi idmanlardan, dərslərdən həvəslə qardaşına danışardı”.

Mirzə Novruzov 2002-ci ildə təhsilini başa vurub, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur.
Rüxsarə xanım gözləri parıldaya-parıldaya oğlunun Hərbi Məktəbi tərifnamə ilə başa vurmasından danışır:
“Həmin vaxt qardaşına da Hərbi məktəbə imtahan verməyi təklif etdi. Amma qardaşının balı çatmadı. Mirzə də “eybi olmaz, canın sağ olsun, başqa yerə girərsən” dedi”.
“Sən demə 4 ildir sevdiyi varmış”
Şəhid anası oğlunun sevdiyi vaxtlardan xatirəsini bölüşür:
“Bir dəfə işdən gəldim, gördüm ki, evdə yekə bir “mişka” var. İki qardaş xısın-xısın nəsə danışırlar. Soruşdum ki, bunu kimə almısız. Güldülər, dedilər özümüzə. Daha heç nə demədim. Növbəti gün gəldim ki, “mişka” yoxdu, gedib. Soruşdum kimə verdiniz, dedilər bir vaxt gələr sənə də deyərik. Mirzə də, qardaşı da atalarından utanırdı. Nə sözləri olsa, mənə deyirdilər. Hərbi məktəbi bitirən il, bir gün gəldi ki, “ana, mən evlənmək istəyirəm, hərbçi nə qədər tez evlənsə, bir o qədər yaxşıdır. Bilərəm ki, xidmət etdiyim yerlərdə yanımda ailəm var”. Sən demə 4 ildir sevdiyi varmış. Əfsanəni 2002-ci ildə ali məktəbə sənəd verəndə görmüşdü. Evlənmək qərarını da atasına dedim, “hələ təhsilini başa vursun, işə girsin” cavabını verdi. Atasının cavabını Mirzəyə deyəndə “indi evlənməsəm, hərbiyə gedəndən sonra gec evlənəcəm” dedi. Atası ilə yenə məsləhətləşəcəyimi bildirdim. Axırı razılığa gəldik”.

Bu vaxt Rüxsarə xanım mənə “qızım, ondan sonra olanları da deyim?” sualını verir. Əvvəldən bilirdim ki, Mirzənin toyu günü ailədə yas düşüb. Cavabımda "danışmaq istəmirsizsə, sizi incitmək istəmərəm" dedim.
Eyni sualı otağın o başında pəncərədən çölə baxan oğlu Ramildən də soruşur. Ramil də "məsləhət bildiyiniz kimi edin" cavabını verir.
Rüxsarə xanım sanki bu cavabı gözləyirmiş ki, söhbətinə davam etdi:
“Hə qızım, nəhayət hər ikisi ali təhsillərini başa vurdu. Elçilik, nişan oldu, mən də ürəkləndim. Toylarını da etməyə qərar verdik. Qız toyu oldu. Oğlan toyunu da qərarlaşıb dekabrın 30-na saldıq. Həmin gün gəldi çatdı. Evdə rayondan qohum, qonaqlarımız vardı. Günorta həyat yoldaşım Sərvər hamama girdi ki, tez çimib çıxsın, restorana gedək. Bir müddət keçdi, gördüm xəbər çıxmır. Hamamın qapısını nə qədər döysəm də, cavab vermədi. Tez qapını birtəhər açdım. Baxdım ki, yerdə uzanılı qalıb. Evdəkiləri haraya çağırdım. Gördüm Sərvərin bədəni istidi. Qohumlar məni aldadırdılar ki, ölməyib. Dedilər “get toyda bir az görün gəl, sən gələnə qədər ayılar”. Axşam saat 9-da getdim restorana. Amma fikrim orda idi. Gəlinə də, Mirzəyə də demişdilər ki, ata xəstəxanadadır. Toy başa çatandan sonra, qohumlar bizim evə yığışdılar. Sərvər artıq həyatda yox idi. Mirzə gəlini qohumumuzgilə göndərdi, gəldi evə atasını dəfn etdik. Həkimlər dedi ki, Sərvərin ürəyi sevincdən partlayıbmış”.
Ana gözünün yaşını silib, Mirzənin toydan sonra Naftalana xidmətə getdiyini bildirdi:
"İki il gəlin bizimlə qaldı, Mirzə gəlib-gedirdi. Sonra nəvəm Nihat oldu, hamısı yığışıb Goranboya getdilər. Bir müddət orda qalandan sonra yenə Naftalana göndərdilər. Oğlu da məktəbə orda gedirdi".
"Dedi “daha nə olacaq, Mirzə yaralanıb""
Rüxsarə xanım hadisə baş verən vaxtları belə xatırlayır:
"Martın 19-da qızı Nurayın ad günü idi. Ailəmiz, qohumlardan da bir neçə nəfər yığışıb, tort bişirib, yollandıq Naftalana. Mirzə də gəldi, ad gününü qeyd etdik. Martın 25-i də Əfsanənin ad günü idi. 25-i günorta Əfsanənin ad gününü də qeyd etdik, Ramil məni yola saldı. Həmin vaxt da qar yağmışdı. Mirzə mən evimizə çatana kimi hər 15 dəqiqədən bir yığıb məni soruşurdu. İki oğlum o qədər yığdılar ki, yanımda oturan qadın dillənib kimin yığdığını soruşdu. Dedim oğlum, cavabında dedi, “ay aman, uşaq da ananı bu qədər istəyər?”. Evdən içəri girdim, oğluma çatdığımı dedim. Şükür elədi. Ardınca da aprelin 4-də kursa gedəcəyini, rütbə alacağını dedi. Sonra aprelin 3-də qardaşım mobil telefonla Mirzəyə, ev telefonu ilə də mənə yığdı. Üçümüz eyni vaxtda danışdıq. Mirzə dayısına hər şeyin yaxşı olduğunu, narahat olmamasını, özü zəng edəcəyini dedi. Səhər işə getdim, günorta 11-də gördüm telefonuma baldızımdan zəng gəlib. Yığdım ki, nə olub, dedi “daha nə olacaq, Mirzə yaralanıb”. İşdən icazə aldım, Ramilə yığdım. Mənə evə getməyimi dedi, Özü Naftalana gedirdi, Əfsanəni nəvələrimi götürüb, Bakıya gətirəcəkdi. Mirzəni soruşanda Bakıya hospitala gətirəcəklərini dedi. Mən də Allaha şükür edirəm ki, yaralıdı, sağdı. Evə çatdım ki, ev adamla doludur, ayağımı evdən içəri ata bilmirəm. Elə qapının ağzında oturdum. Bir az keçdi Əfsanəgil gəldi. Mənə deyir “ana, Mirzə hanı?”. Dedim mən səndən soruşuram, qızım? Mirzə hardadır? Ramil ona da hospitalda olmağını deyib. Saat 11 oldu, gördük bayrağa bükülmüş tabutunu gətirdilər. Nəşini gecə evdə saxladıq, səhəri gün, aprelin 5-də II Fəxri Xiyabanda dəfn etdik".

Şəhid anası oğlunun əsgərlərindən, hərbçi yoldaşlarından razılıq edir:
"Hamısı tez-tez əlaqə saxlayır, qəbri üstünə ziyarətə gedirlər. Onlar görüşlərində də Mirzənin mərdliyindən, qəhrəmanlıqlarından, çörəyi onlarla bərabər böldüyündən danışırlar. Şamaxıdan bir əsgəri var, deyir bir dəfə qurbanlıq kəsiblərmiş, Mirzə ondan bir tikə də evinə aparmayib, hamısın əsgərlərə verib. Xiyabanda təmizlikçi qadın var. O, hər dəfə gedəndə deyir, "Mirzəni ziyarət edənlər çoxdur, məzarı üstünə gül qoyurlar, şəklini öpüb gedirlər". Mirzə mənim həyatım idi. Hamının sevimlisi, ailəcanlı, mədəni idi".
Rüxsarə xanım oğlunun övladlarının ona təsəlli olduğunu bildirir:
"Şükür ki, onlar var. Balamın yadigarlarıdı. Onlar Prezident verən evdə ayrı qalırlar. Amma çox tez-tez görüşürük. Nihat 8-ci, Nuray 5-ci sinifdə oxuyur. Bütün balalar xoşbəxt olsunlar".
Amin deyib söhbətimizi yekunlaşdırırıq.








