Bakı. 13 iyun. REPORT.AZ/ “15 iyun - Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyi ərəfəsində xidmətdə fərqlənən bir qrup sərhədçinin Böyük Qafqaz sıra dağlarının Qızılqaya massivində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən ”Heydər Əliyev zirvəsi”nə və Ağstafa rayonunun Keşikçi dağ ərazisində yerləşən “İlham Əliyev zirvəsi”nə Dövlət Sərhəd Xidməti tərəfindən ənənəvi yürüşləri təşkil olunub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, Xudat sərhəd dəstəsinin “Xınalıq” sərhəd zastavasından və Şəmkir sərhəd dəstəsinin “Keşikçi dağ” sərhəd zastavasından hərəkətə başlayan yürüş iştirakçıları mürəkkəb relyefə malik olan dağlıq əraziləri fəth edərək təyin olunan zirvələrə qalxaraq orada Azərbaycanın Dövlət Bayrağını ucaldıb, Dövlət Himnini ifa edib və qayalar üzərinə “Azərbaycan xalqının Milli Qurtuluş günü”nün 25 illik yubileyini tərənnüm edən lövhələr bərkidiblər.
Zirvələrdə nitq ilə çıxış edənlər ümummilli lider Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini və böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi olaraq qeyd edərək yaxın zamanlarda dövlətimizin ərazi bütövlüyünün təmin olunacağına və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminlik ifadə ediblər.





















