“Rosoboroneksport” ASC sentyabrın 6-8-də Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində - ADEX-2022-də iştirak edəcək.
Bu barədə “Report” “Rosoboroneksport”un mətbuat xidmətinə istinadən xəbər verir.
“Rosoboroneksport” ADEX sərgisinin ənənəvi iştirakçısıdır. Bakıda uzunmüddətli mehriban qonşuluq münasibətlərimiz olan Xəzər regionu ölkələri üçün Rusiyanın aparıcı müəssisələrinin müdafiə sahəsi ilə bağlı məhsullarını nümayiş etdirəcəyik. Rusiya ekspozisiyasında bütün növ silahlı qüvvələr, hərbi bölmələr, həmçinin xüsusi və polis bölmələri üçün 500-ə yaxın nümunə, mülki məhsulların geniş çeşidlərini göstərəcəyik”, - şirkətin baş direktoru Aleksandr Mixeyev bildirib.
Ümumilikdə, ADEX-2022-də Rusiya ekspozisiyasında 20-dən çox sənaye müəssisəsi iştirak edəcək. Bu şirkətlərdən altısı istehsal etdikləri məhsulları stendlərdə nümayiş etdirəcək. “Rosoboroneksport” isə müasir hərbi texnikalar təqdim edəcək: İl-76MD-90A(E) hərbi-nəqliyyat təyyarəsi, “Su-35” çoxməqsədli supermanevrli qırıcı, “Ka-52(E)” kəşfiyyat-zərbə helikopteri, Mi-35M nəqliyyat-döyüş helikopteri, “Terminator” döyüş maşını, 155 mm-lik “Msta-S” özüyeriyən haubitsa, “Buk-M2E” zenit-raket kompleksi və “Xrizantema-S” tank əleyhinə idarə olunan raket və sair.
Xatırladaq ki, bu il ADEX-2022 sərgisində 26 ölkədən 200-dən çox şirkət iştirak edəcək. Sərgi üç pavilyonda, həmçinin Bakı Ekspo Mərkəzinin açıq meydançasında keçiriləcək. İştirakçılar arasında Bolqarıstan, İtaliya, Çin, Fransa, Niderland və digər ölkələrin aparıcı müdafiə şirkətləri olacaq. Builki sərgidə ilk dəfə İordaniyadan olan şirkətlər də iştirak edəcək. ADEX-2022-yə Belarus, İran, İsrail, Qazaxıstan, Pakistan, Rusiya, Türkiyə və digər ölkələr isə milli stendlərlə qatılacaq.