“Hərbiyyə - 2019” layihəsi çərçivəsində yüzdən çox gənc Gədəbəydəki hərbi hissədə olub

“Hərbiyyə - 2019” layihəsi çərçivəsində yüzdən çox gənc Gədəbəydəki hərbi hissədə olub Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Cavad xan Tarix və Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Hərbiyyə - 2019” layihəsi uğurla davam etdirilir.
Hərbi
28 Avqust , 2019 22:04
“Hərbiyyə - 2019” layihəsi çərçivəsində yüzdən çox gənc Gədəbəydəki hərbi hissədə olub

Müdafiə Nazirliyi, “ASAN xidmət”, Gədəbəy rayon İcra Hakimiyyəti, “ASAN Könüllüləri” təşkilatı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Cavad xan Tarix və Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Hərbiyyə - 2019” layihəsi uğurla davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinə toplaşan respublikanın 10 bölgəsini təmsil edən yüzdən çox gənc Gədəbəy rayonunun müdafiəsində dayanan hərbi hissənin qonağı olub, şəxsi heyətlə görüşüb, əsl əsgər həyatı yaşayıblar.

Gənc vətənpərvərlərə bələdçilik edən Müdafiə Nazirliyinin məsul əməkdaşı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bölgənin təbii-coğrafi şəraiti, bu bölgə uğrunda gedən uğurlu döyüşlərin xronikası, qəhrəmanları və şəhidlik zirvəsinə ucalan ölməz igidləri haqqında ətraflı məlumat verib.

A.Qurbani bildirib ki, Gədəbəy rayonu respublikanın mühüm strateji əhəmiyyətli bölgələrindəndir. Azərbaycan – Ermənistan dövlət sərhədində yerləşən bu bölgə uğrunda nankor qonşularımız zaman-zaman təxribatlara əl atıb, torpaq iddiaları ilə mənfur niyyətlərini həyata keçirmək üçün daim o vaxtkı sovet rəhbərliyinin dəstəyini almaq üçün hiyləgər siyasət yürüdüblər.

Dövlət başçısı, Ali Baş komandan İlham Əliyevin sayəsində digər sərhədyanı bölgələrdə olduğu kimi Gədəbəyin də müdafiəsi yüksək səviyyədə təşkil olunub, ən müasir müdafiə mövqeləri yaradılıb. Azərbaycan Ordusunun buradakı bölmələri gecəli-gündüzlü Gədəbəyin keşiyini çəkir, düşmən təxribatlarının qarşısını alaraq Vətən qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

“Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin sakinləri düşmənlə təmas xəttində əsgəri xidmət üçün yaradılan ən müasir şəraitlə, maddi-texniki baza ilə, eləcə də digər infrastrukturlarla tanış olub və belə bir orduya malik respublikanın vətəndaşı olduqlarından qürur duyduqlarını qeyd ediblər.

Sonra əsgər həyatının gərgin, çətin anları əyani surətdə təqdim edilib. Kəşfiyyat qrupunun çay keçidi, sıldırım qayalardan kəndir vasitəsilə hərəkət, ekstremal vəziyyətlərdən çıxış, şəxsi heyətlə dolu düşmənin iki avtomobilinin pusqu ilə ələ keçirilməsi, düşmən qərargahına basqın, eləcə də kəşfiyyat bölmələrinin müxtəlif maneələrlə hərəkətləri gənclərdə böyük maraq oyadıb. Onlar Azərbaycan əsgərinin yüksək iradi və fiziki keyfiyyətlərinə heyran qalaraq göstəriləri həyəcanla izləyib, kəşfiyyatçılara, xüsusi təyinatlılara qoşularaq özləri də bu əməliyyatlarda iştirak edib, güclərini sınayıblar.

Könüllülərin qorxmazlığı, mübarizliyi və bütün çətinliklərdən uğurla çıxmaları Vətən əsgərlərini sevindirib.

Silah-sursat və digər hərbi avadanlıqların nümayiş etdirildiyi sərgidə isə respublikamızda istehsal olunan silah-sursat, bir çox hərbi təyinatlı avadanlıqlar xüsusilə böyük maraq oyadıb. Peşəkar zabitlər, eləcə də, hazırda “ASAN xidmət”də çalışan ehtiyatda olan qazi zabitlər Elvin Hüseynov, Əliağa Zeynalov, Elşad Haşımov. Nəbi Şükürov və Natiq Mehdiyev könüllülər üçün hərbi hazırlıq məşğələləri keçirib, təhlükəsizlik qaydaları izah edilib, suallar cavablandırıb, atışın praktiki icrası təmin olunub. Silahların sökülüb-yığılması, normativlərin qəbulu üzrə komandalararası yarışlar keçirilib.

“Ağdam” komandası bütün normativlər üzrə yüksək nəticələr qazanıb. Milli Aviasiya Akademiyasının tələbəsi Rəşad Məhərrəmov, Türkiyə Yalova Universitetinin tələbəsi Fidan Məmmədova, Bakı Dövlət Universitetinin tələbəsi Günel Ağayeva və başqaları yarışlarda xüsusilə fərqləniblər.

Yarış qaliblərindən bir qrupu Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun adı və qəhrəmanlığı ilə şöhrət qazanmış, bu gün də igid oğullarımızın məskən salaraq keşiyində durduğu “İsgəndər qalası”na qalxmaq, şəxsi heyətlə görüşmək və döyüş növbəsində dayanmaq şərəfinə nail olublar.

Azərbaycan Milli Konservatoriyasının tələbəsi Rəşad Əliyev ifa etdiyi xalq və estrada mahnıları ilə əsgərlərdə xoş ovqat yaradıb.

Polkovnik-leytenant Eldəniz Nəsirov qaliblərə Azərbaycan Dövlət İqtisad Universitetinin nəşri olan “Səninlə fəxr edirik Azərbaycan əsgəri” adlı kitabları hədiyyə edib.

Gənc vətənpərvərlər “Əsgər payı” sərgisi ilə tanış olub, yamacda qurulan çadırlarda əsgərlərin açdıqları nahar süfrəsinə dəvət ediliblər.

Nahardan sonra 1992-ci ilin avqust ayında ağır döyüşlər gedən Mutudərə kəndinin yaxınlığındakı zirvədə “Şəhidlər ölməz, Vətən bölünməz!” devizi altında anım tədbiri keçirilib. Gənc vətənpərvərlər Mutudərə kəndinə çəkilən yeni yolun ilk yolçusu olaraq zirvəyə doğru irəliləyiblər.

Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun şəhid olduğu zirvədə əsgərlərin ucaltdığı abidə ziyarət olunub, qarşısına gül-çiçək dəstələri düzülüb.

Polkovnik A.Qurbani Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yolundan, əfsanəvi qəhrəmanlıqlarından danışıb. 

Hərbi qulluqçular və gənc vətənpərvərlər çıxış edərək “Qəhrəmanlıq qəhrəmanla ölmür. Onun ömrü uzun olur. Biz də Məzahir kimi igid oğulların qəhrəmanlıqlarını təkrar etmək üçün Ali Baş Komandanın əmrini gözləyirik və Qarabağ uğrunda mübarizəyə hər an hazırıq!”, - deyiblər.

Son xəbərlər

Orphus sistemi