Hərbi qulluqçuların dövlət icbari sığortası necə təmin olunur?

Hərbi qulluqçuların dövlət icbari sığortası necə təmin olunur? Bu gün aktual mövzulardan biri də hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası məsələsidir.
Hərbi
5 Mart , 2020 15:07
Hərbi qulluqçuların dövlət icbari sığortası necə təmin olunur?

Bu gün aktual mövzulardan biri də hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası məsələsidir.

Mövzunu “Report”a şərh edən hüquqşünas Rahim Abıyev hərbi qulluqçuların 11 min manat məbləğində sığorta edildiyini deyib.

Onun sözlərinə görə, sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir:

“Sığorta haqqı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlar zamanı aid edilirlər. Hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.

Hərbi qulluqçu sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə - 100 faiz; sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz; sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz; hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda:

- I qrup əlilliyə görə — 80 faiz;

- II qrup əlilliyə görə — 60 faiz;

- III qrup əlilliyə görə — 40 faiz;

sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman - ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 25 faiz;

- yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda - 5 faiz.

Sığortaçı, yaxud onun ərazi bölmələri “İcbari sığortalar haqqında” Qanunda nəzərdə tutulmuş şərtlərə və məbləğdə sığorta olunana və ya onun vərəsələrinə sığorta ödənişini müvafiq sənədləri aldığı gündən 7 gün ərzində verir. Sığorta ödənişi verilmiş sığorta hadisəsi ilə bağlı yeni sığorta hadisəsi baş verdikdə əvvəl ödənilmiş məbləğ nəzərə alınır. Sığortaçı sığorta ödənişini “İcbari sığortalar haqqında” Qanun şərtləri ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.

Sığorta üç il müddətində əlillik təyin edildikdə verilir. Ölüm halında 11 000,

Birinci qrup əlilə 8 800,

İkinci qrup əlilə 6 600,

Üçüncü qrup əlilə 4 400 AZN sığorta verilir”.

Qeyd edək ki, bu məsələ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında” Qanun, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun qəbul etdikləri normativ aktlarla tənzimlənir. 

Son xəbərlər

Orphus sistemi