DSX Dövlət Agentliyi ilə birlikdə “Hərbiyyə - Xəzər” düşərgəsinə start verib - FOTOLAR

DSX Dövlət Agentliyi ilə birlikdə “Hərbiyyə - Xəzər” düşərgəsinə start verib - FOTOLAR Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin bazasında “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib.
Hərbi
18 Sentyabr , 2019 12:41
DSX Dövlət Agentliyi ilə birlikdə “Hərbiyyə - Xəzər” düşərgəsinə start verib - FOTOLAR
Report/Elchin Murad

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin bazasında “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, “ASAN xidmət”, Dövlət Sərhəd Xidməti (DSX) və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılan düşərgənin açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov iştirak ediblər.

Açılış mərasimindən öncə hərbi qulluqçular, dəvət olunmuş qonaqlar və gənc könüllülər hərbi hissədə Heydər Əliyev İdeoloji Mərkəzinin fəaliyyəti ilə tanış olub, ulu öndərin abidəsi önünə əklil qoyublar.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev düşərgə iştirakçılarını salamlayaraq cari il ərzində könüllülərin çoxsaylı müraciətləri nəzərə alınaraq "Hərbiyyə" düşərgəsinin üçüncüsünün gerçəkləşdirildiyini diqqətə çatdırıb. Dövlət Sərhəd Mühafizəsinin 100 illiyi münasibəti ilə həyata keçirilən müxtəlif tədbirlərdən biri kimi bu tədbirin, o cümlədən ASAN Könüllülərinin hərbi vətənpərvərlik layihələrinin əhəmiyyəti vurğulanıb.

DSX rəisinin müavini, general-leytenant Azad Ələkbərov sərhədlərimizin etibarlı mühafizəsi, həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Sentyabrın 18-dən 19-dək davam edəcək düşərgə ilk dəfə olaraq gəmilərdə və hərbi simulyasiya formatında həyata keçirilir.

Layihə çərçivəsində iştirakçılar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Tufan” tipli gəmilərdə təlimatlandırılmaqla yerləşdiriliblər.

Həmçinin iştirakçılar dənizə çıxış, atış poliqonuna hərəkət, poliqonda yarışların keçirilməsi, rabitə danışıqları üzrə məlumatın kodlaşdırılması və deşifrə edilməsi, dəniz düyünlərinin bağlanması, “Valiant” tipli qayıqlarla müəyyən məsafədə estafetin keçirilməsi, Simulyator vasitəsi ilə artilleriya atışının, 23-mm-lik “TAYFUN” silahından atışın icra edilməsi və digər hərbi hazırlıqlarda iştirak edirlər. Gənc könüllülərin iştirakı ilə sıra meydanında yarışın təşkili və Sahil Mühafizəsinin Heydər Əliyev adına İdeoloji Mərkəzi, Klubu, Tədris Mərkəzi və muzeyinə ekskursiyaların təşkili nəzərdə tutulur.

“Hərbiyyə - Xəzər” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 5-ci hərbi vətənpərvərlik düşərgəsidir.

Son xəbərlər

Orphus sistemi