Döyüşdən çıxıb döyüşə hazırlaşan ordu: “İndi yaxşı təcrübəmiz də var”

Döyüşdən çıxıb döyüşə hazırlaşan ordu: “İndi yaxşı təcrübəmiz də var” "Hazırda yollardakı çətinliklərə baxmayaraq, Azərbaycan Ordusunda maddi texniki təminatla bağlı heç bir problem yoxdur. Bu isə onu denməyə əsas verir ki, silahlı qüvvələrimizin maddi-texniki təminatı ilə məşğul olan şəxslər böyük fədəkarlıq göstərirlər".
Hərbi
17 Yanvar , 2022 14:37
Döyüşdən çıxıb döyüşə hazırlaşan ordu: “İndi yaxşı təcrübəmiz də var”

"Hazırda yollardakı çətinliklərə baxmayaraq, Azərbaycan Ordusunda maddi texniki təminatla bağlı heç bir problem yoxdur. Bu isə onu deməyə əsas verir ki, Silahlı Qüvvələrimizin maddi-texniki təminatı ilə məşğul olan şəxslər böyük fədəkarlıq göstərirlər".

Bunu “Report”a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O vurğulayıb ki, ordunun maddi-texniki təminatı konkret sənədlər əsasında həyata keçirilir: “İndi Silahlı Qüvvələrimizin əsas vəzifələrindən biri Ermənistanla sərhəddəki ərazilərimizin təhlükəsizliyi ilə bağlıdır. Digər tərəfdən, sülhməramlıların müvəqqəti yerləşdiyi yerlərdə tapşırıqlar yerinə yetirilir. Ümumiyyətlə, hazırda ordunun gücləndirilməsi üçün çox böyük işlər görülür. Yeni hərbi hissələrin, hərbi şəhərciklərin istifadəyə verilməsi buna nümunədir”.

Ş.Ramaldanovun fikrincə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Ordusunda ciddi dəyişiklər olub: “Savaşdan sonra ciddi təhlillər aparıldı. Hazırda isə islahatlar davam etməkdədir. Ordumuzun gələcəyi üçün 44 günlük hərbi əməliyyatların təcrübəsindən istifadə edilməklə addımlar atılmaqdadır. Sözügedən islahatlar ordu quruculuğunun bütün sahələrini əhatə edir. “Komando” tipli hərbi hissələrin yaradılması bu mənada xüsusi əhəmiyyətlidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, gələcəkdə belə hərbi hissələrin sayı daha da artacaq. Digər tərəfdən, Şuşa Bəyannaməsindən sonra Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri ilə yaxınlaşması istiqamətində yeni mərhələ açıldı. İki ölkənin silahlı qüvvələrinin inteqrasiyası üçün artıq lazımi hüquqi əsas var”.

 Şair Ramaldanov
Şair Ramaldanov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov isə bildirib ki, ordu quruculuğu sahəsində işlər bir an belə dayanmır: “Məlum olduğu kimi, İkinci Qarabağ müharibəsi zamanı biz kifayət qədər silah-sursat işlətmişik. İndi onların yerini doldurmaq və müdafiə qabiliyyətimizi daha da gücləndirmək lazımdır. Bunun üçün lazımi addımlar atılır. Yeni texnikaların alınması ordu quruculuğu sahəsində görülən ən böyük işlərdən biridir. Bildyiniz kimi, bu yaxnlarda Prezident İlham Əliyev Ukraynaya səfər etmişdi. Həmin səfər zamanı bir çox məsələlərlə yanaşı, həmçinin hərbi əməkdaşlıq barədə razılıqlar əldə olundu. Bu gün qardaş Türkiyə, Pakistan, İsrail, Belarus, hətta bəzi Afrika ölkələri ilə sözügedən istiqamətdə müəyyən işlər gedir. Bolqarıstan, Ruminiya, Çexiya isə bizim potensial müttəfiqlərimiz sırasındadır. Ümumiyyətlə, indi bizim yüzlərlə dövlətlə hərbi, hərbi-texniki əməkdaşlığımız var. Yəqin, bu barədə gələcəkdə daha ətraflı məlumat veriləcək”.

Ü.Cəfərovun sözlərinə görə, ordumuzun silah-sursat arsenalı yenilənməkdədir: “Görülən ən mühüm işlərdən biri də hərbi təhsil, hərbi tibb, habelə mühəndis-istehkam, hava hücumundan müdafiə sahələri ilə əlaqəlidir. Ordumuzun NATO standartlarına uyğunlaşdırılması prosesi davam edir. İkinci Qarabağ müharibəsi nəticəsində də, əlbəttə, müəyyən təcrübə qazandıq. Məsələn, artıq bildik ki, 10 motoatıcı hərbi hissə saxlamaq əvəzinə, 5 komando briqadası saxlamaq bizim üçün daha məqsədəuyğundur. Və ya əvvəllər 100 tank alırdıqsa, indi bu say 50-yə düşüb. Digər 50 tankın əvəzinə isə PUA-lar alırıq. Eyni zamanda raket-artilleriya, mühəndis-istehkam qurğuları almaqdayıq. Həmçinin bir-birilərini təkrarlayan hərbi hissələr yenilənir, əvəzlənir. Bu proses yaxın gələcəkdə də davam edəcək”.

Son xəbərlər

Orphus sistemi