26 iyun – Azərbaycan Silahlı Qüvvələr Günü münasibəti ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına mediatur təşkil edilib.
"Report" xəbər verir ki, jurnalistlər burada yaradılan məişət və xidmət şəraiti, pasiyentlərin müalicəsi, eyni zamanda, iş prosesi ilə tanışlıq olublar.
KİV nümayəndələri ilk olaraq hospitalın laboratoriyasına baş çəkiblər.
Hospitalın laboratoriya bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Vəfa Bilalov jurnalistlərə açıqlamasında deyib ki, bölmədə kliniki, biokimyəvi, immunoloji, mikrobioloji, genetik və acil laboratoriyaları mövcuddur:
"Hər bir laboratoriyanın özünəməxsus iş prinsipi var. Bu immunoloji laboratoriyada immunferment analizləri aparılır. Laboratoriyada Hepatit A, B, C, D, E virusları yoxlanılır. Bundan başqa, laboratoriyamızda sifilis (SYPHILIS) xəstəliyi üçün həm tarama, həm də tanımlama testləri - SYPHILIS Elisa, SYPHILIS TPHA, SYPHILIS Rapid Plasma Reagin (RPR) testləri edilir. Həmçinin 50-yə yaxın hormon müayinəsi aparılır. Bizim ən böyük həcmli işlərimizdən biri isə autoimmun xəstəliklərin müayinəsidir ki, bunu da Azərbaycan üçün yenilik saymaq olar".
Hospitalın Qan Bankı bölməsinin rəisi, tibb xidməti mayoru Mərdan Hümbətovun sözlərinə görə, bölmənin əsas fəaliyyəti Silahlı Qüvvələrdə xidmət edən bütün hərbi qulluqçuların istər ambulator, istərsə də, stasionar müalicəsi, yaralı pasiyentlərin qan və qan komponentləri ilə təminatıdır: “Biz bunu təmin etmək üçün əvvəlcə donorlar təyin edirik. Transfuziologiya şöbəsinin tərkibində olan Səyyar qan tədarükü bölməsi müvafiq qruplara uyğun çıxışlar edir".
Daha sonra Hospitalın Oftalmologiya bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Səlahəddin Təhməzov göz xəstəliklərinin müalicəsi üçün yaradılan yüksək şəraitdən danışıb. O bildirib ki, Azərbaycan Ordusunun müxtəlif yerlərində xidmət edən hərbi qulluqçularda döyüşdə və qeyri-döyüş şəraitində əmələ gələn göz xəstəlikləri, göz yaralanmaları, göz patologiyaları - onlar ilkin mərhələdə müraciət etdikləri tibb məntəqələrindən ixtisaslaşmış tibb müəssisəsinə, oradan da ehtiyac olarsa, daha dərinləşmiş tibbi yardım üçün hospitala göndərilir: “Hospitala gələn hərbi qulluqçular ilk gündən bura yerləşdirilir, sonra onlarda olan həmin mövcud patologiya mütəxəssislərimiz tərəfindən fərqli cihazların köməyi ilə araşdırılır. Yekunda təyin olunan diaqnoza əsasən, müalicə sxemi tərtib olunur".
Mediatur çərçivəsində KİV nümayəndələrinə yaralının və pasiyentin korpusun qəbul şöbəsinə gətirilməsi prosesi nümayiş etdirilib.
Baş Klinik Hospitalın Qəbul bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Vüsal Quliyev söyləyib ki, pasiyentlər bölməyə qəbul edilərkən qəbul çeşidləmə meydançasında çeşidlənir: “İlkin baxışdan sonra ağırlıq dərəcəsinə görə, onlara müvafiq yardımlar göstərilir. Ağır xəstələrə dərhal yardım edilir və onlar müvafiq bölmələrə yönəldilir. Əgər diaqnostikaya ehtiyac varsa, diaqnostikaya, daha sonra radiologiya bölməsinə göndərilir. Burada pasiyentlər kompüter tomoqrafiya, ultrasəs və rentgen müayinələri olunur".
Hospitalın rəisi əvəzi, tibb xidməti polkovniki Roman Çobanov vurğulayıb ki, Baş Klinik Hospitalı qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazırdır: "Cənab Ali Baş Komandanın və Müdafiə Nazirliyinin rəhbər şəxslərinin daim qayğısı nəticəsində hər bir hərbi qulluqçu bütün növ tibbi xidmətlə təmin olunub. Hospital bura daxil olan bütün pasiyentlərə istənilən tibbi yardım göstərməyə hazırdır".