Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibədə Mariupolda, xüsusilə “Azovstal” zavodu uğrunda gedən döyüşlər dünyanın diqqətini daha çox çəkdi. Mariupolda gedən döyüşlərdə “Azovstal”a sığınaraq Rusiya ordusuna müqavimət göstərən, müharibənin gedişatını dəyişən, lakin Ukrayna rəhbərliyinin əmri əsasında qarşı tərəfə təslim olan əsirlədən iki qrupu geri qaytarılıb. Bu, əsirlərin dəyişdirilməsi çərçivəsində baş tutub.
“Azovstal” müdafiəçilərinin 200-dən çoxu ötən həftə Türkiyənin vasitəçiliyi ilə dəyişdirilib və onların arasında 2 azərbaycanlı da var. Bunlar Ukrayna ordusunun Mariupolda dəniz piyadalarında döyüşmüş serjant Rüstəm Babayev və baş serjant Oleq Kərəmovdur.
"Report"un Şərqi Avropa bürosu Ukraynada azərbaycanlı hərbçilər ilə görüşüb.
Rüstəm Babayev kiçik çavuşdur, 22 yaşı var, Ukraynada anadan olub. Müharibəyə qədər Nikolayev şəhərində qaynaqçı işləyib: “Atam azərbaycanlı idi, 7 yaşım olanda onu itirdik. Sonra dəfn üçün onun nəşini Bakıya apardılar. Burada yalnız əmilərim var, başqa heç kimim yoxdur”.
O bildirib ki, müharibənin əvvəlində Mariupol yaxınlığında mövqedə olub: “Döyüşlərə, düşmənlə üz-üzə gəlməyə elə oradan başladıq. Ardından Mariupola tərəf çəkilməli olduq, müqavimət göstərir, müdafiə olunurduq. Onlarda aviasiya güclü işlədiyindən biz geri çəkilməli olurduq. Sonda “Azovstal”a çəkildik və azovçularla birlikdə zavodu müdafiə etməyə başladıq”.
O, “Azovstal”da əsir düşməsi barədə danışarkən bildirib ki, son ana qədər mübarizə aparıblar: “Yalnız Ukrayna Prezidentinin silahlarımızı yerə qoyub təslim olmaqla bağlı əmri gələndən sonra təslim olduq. Bu, mayın 18-də oldu. Bizi Donetsk vilayətində yerləşən Yelenovka qəsəbəsinə, Volnovaxski rayonundakı Yelenovka kaloniyasına apardılar. Əsir mübadiləsinə qədər elə orda oldum. 4,5 aya yaxın müddətdə əsir oldum. Ən qısa zamanda vətənə qayıtmağı istəyirdim, amma düzünü deyim ki, artıq ümidimi tam kəsmişdim. Əsirlikdə olanda o qədər şey eşidib-görmüşdük ki, artıq heç nəyə inanmaq olmurdu. Biz informasiya vakuumunda idik, nə baş verdiyindən, ümumiyyətlə, xəbərimiz yox idi. Heç kim bizə heç nə demirdi, yalnız saxlayan şəxslər öz irəliləyişlərindən danışırdılar, bizi ruhdan salmaq və onların tərəfinə keçməyə razılıq verməyimiz üçün uydurma hekayələr qoşurdular. Mübadilə də bizim üçün gözlənilməz oldu. Bizi “Kamaz”lara yığdılar və elə bildik ki, yerimizi dəyişdirirlər. Çünki bizə “sizi indi başqa yerə aparacağıq” demişdilər. Yarım gün “Kamaz”da yol getdikdən sonra bizi təyyarəyə mindirdilər. Düşəndə anladıq ki, Qomeldə, Belarusdayıq. Yalnız sonradan bizi daşıyan avtobus Belarus-Ukrayna sərhədinə çatanda anladıq ki, əsir mübadiləsi olub və evə qayıdırıq. Gözlərimizə inanmırdıq. Adama elə gəlirdi ki, yuxudur və bu yuxudan ayılmaqdan qorxursan”.
Rüstəm Babayev ad və soyadının ukraynalılara xas olmadığından onu daha çox yoxladıqlarını vurğulayıb: “Əsirlikdə olanda azərbaycanlı olduğumu bildilər. Çünki bizi qəbul edəndə anket doldururdular, ad, soyaq, hardan olmağımız barədə məlumatları toplayırdılar. Əvvəl elə bilirdilər ki, biz əcnəbi muzdlu əsgərlərik. Çünki deyirdilər ki, Ukrayna tərəfdən çox sayda muzdlu döyüşür. Əcnəbi ad-soyad görən kimi həmin şəxsə xüsusi diqqət ayrılırdı, onun bütün məlumatlarını araşdırırdılar ki, xırda bir bəhanə tapıb sabah xəbərlərdə “baxın, Ukrayna ordusunda ukraynalılar yox, muzdlular döyüşür” deyə bilsinlər”.
Oleq Kərəmov hücum bölüyünün desant qrupunun baş çavuşu, döyüş hazırlığı üzrə təlimatçıdır:
“Döyüşçülərimizə mübarizə aparmağın yollarını, atəş açmağın qaydalarını öyrədirdim. Özüm 2014-cü ildən, Ukraynada birinci müharibə başlayandan döyüşürəm. Əvvəlcə Mariupol yaxınlığında Komenternovo kəndi yaxınlığında idik. Rüstəmlə bir yerdə döyüşürdük, mən onun komandiriyəm. Biz tağımın dayaq məntəqəsində olarkən - fevralın 24-də Rusiya elan olunmamış müharibəyə başlayıb mövqelərimizi reaktiv yaylım atəşi sistemlərindən istifadə etməklə atəşə tutmağa başladılar, üstəlik, aviasiya da hücuma dəstək verirdi. 2014-cü ildə olanları bildiyimdən, gördüyümdən anladım ki, Rusiya müharibəyə başlayıb və üstümüzə daha böyük qüvvə ilə gələcəklər. Mən Rusiya qırıcı təyyarəsinin yaşayış binalarını güllə-baran etməsinin şahidi olmuşam. Orada bizim hərbçilər yox idi, amma binanı atəşə tuturdular. Əminliklə deyə bilərəm ki, Ukrayna əsgərləri, azovçular və ya başqaları heç vaxt mülki əhalinin arxasında gizlənməyib, onları özünə qalxan etməyib. Biz həmişə mülki əhalidən uzaqda dayanardıq ki, onlara tərəf güllə atılmasın.
O vurğulayıb ki, “Azovstal”ın müdafiəsini təşkil edən zaman sona qədər döyüşmək istəyiblər, təslim olmaq kimi niyyətləri olmayıb:
“Son gülləmizə, son damla qanımıza qədər döyüşəcəkdik. Aramızda anlaşdıq ki, heç kim təslim olmayacaq. Orada “Azov” xüsusi batalyonunun, milli qvardiyaçıların, ərazi müdafiə dəstələrinin nümayəndələri də var, bir sözlə, sayımız çox idi. Yalnız əmr gələndən sonra zavodun müdafiəsini dayandırdıq və təslim olduq. Bunu həyatlarımızı xilas etmək üçün etdiklərini bildirdilər. Əmri yerinə yetirdik. Bütün xüsusi avadanlığımızı məhv edib sonra təslim olduq. Məni əvvəlcə Donetsk vilayətinin Yelenovka qəsəbəsindəki eyniadlı kaloniyaya apardılar. 3 gün sonra mən də daxil olmaqla, bir qrup əsiri əlləri-gözləri bağlı “Kamaz”a doldurub Rostov vilayətinin Taqanroq şəhərinə apardılar. Orada 3 ay 25 gün qaldım. Hamıdan nəsə məlumat öyrənməyə çalışırdılar. Bizə əvvəlcə deyilmişdi ki, maksimum 3 ay ərzində mübadilə olacaq. Ancaq bu vaxt keçəndən sonra heç nə olmadı. Düzünü deyim ki, onda ümidim itmişdi. Çünki bilirdim ki, 2014-cü ildən əsirlikdə olanlar da var”.
O.Kərəmov bildirib ki, “Azovstal”da döyüşən Əli adlı daha bir əslən azərbaycanlı olan hərbçi isə döyüşlər zamanı qətlə yetirilib: “Gərgin döyüş gedirdi, atışma idi. Onların mövqeyində 3 nəfər idi, düşmən o istiqamətdən böyük qüvvə ilə gəldi və 3 oğlanın hamısı şəhid oldu. Onların olduğu xəndəyə qumbara atıldı və nəticə artıq məlumdur. Sonradan o mövqeyi geri ala bildik və cəsədləri götürüb orada olan çeşidləmə məntəqəsinə təhvil verdik”.
O əsirlikdən qayıdan zaman çəkdikləri çətinliklərdən danışıb: “Bizi ən birinci Taqanroqa qaytardılar, oradan təyyarə ilə Sevastopala, Krıma göndərdilər. Orada daha 15 əsir bizə qoşuldu və birlikdə Qomelə uçduq. Ən sonda da Belarus-Ukrayna sərhədini keçib vətənə qayıtdıq. Demək olar, iki sutka əlləri-gözləri bağlı vəziyyətdə qaldıq. Nə su verirdilər, nə tualetə gedə bilirdik. Ağır şərait idi. Hamının beyninə yerləşdiriblər ki, biz faşistik. Əlimdə Ukrayna gerbinin tatusu var və bunu görəndə mənə dedilər ki, sən millətçisən”.