Azərbaycanın müdafiə naziri bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsi barədə tapşırıq verib

Azərbaycanın müdafiə naziri bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsi barədə tapşırıq verib Cəbhə bölgəsindəki hərbi hissələrin döyüş hazırlığını yoxlayan Zakir Həsənov zabit heyətilə toplantılar keçirib
Hərbi
7 Avqust , 2015 11:22
Azərbaycanın müdafiə naziri bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsi barədə tapşırıq verib

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu rayonlarda yerləşən birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığının yoxlamalarının nəticələrinə həsr olunan toplantılar keçirib.

"Report" xəbər verir ki, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. 

Nazirliyin rəhbərliyi əvvəlcə hərbi hissənin ərazisində ucaldılan Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini hörmət və ehtiramla yad ediblər.

Cəbhə bölgəsində yerləşən hərbi hissə komandirlərinin, qərargah rəislərinin və digər məsul zabitlərin iştirakı ilə keçirilən toplantılarda hazırkı əməliyyat şəraiti, döyüş hazırlığının vəziyyəti, müdafiə sistemi, onun hərtərəfli təminatı və bir sıra digər xidməti məsələlərlə bağlı müdafiə nazirinə məruzələr edilib.

Sonda müdafiə naziri real vəziyyət nəzərə alınmaqla döyüş və praktiki hazırlığa diqqətin artırılması, döyüş növbətçiliyində sayıqlığın gücləndirilməsi, verilən döyüş tapşırıqlarının dəqiq, vaxtında və müxtəlif hava şəraitində yerinə yetirilməsi, o cümlədən bölmələrin və döyüş texnikasının döyüşə hazır vəziyyətə gətirilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.

Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri başa çatıb.

Son xəbərlər

Orphus sistemi