Bakı. 6 yanvar. REPORT.AZ/ RF Xəzər donanmasının dənizçiləri 2015-ci ildə Azərbaycan və Qazaxıstanın iştirakı ilə Xəzəryanı dövlətlərin Hərbi-Dəniz Qüvvələrinin (HDQ) ilk beynəlxalq hərbi-dəniz təlimində iştirak edəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə RF Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəisi polkovnik İqor Qorbul bildirib.
Xəzəryanı ölkələrin hərbi dəniz qüvvələrinin üçtərəfli birgə təlimi ilk dəfə keçiriləcək və 2015-ci ilin iyun-iyul aylarında Xəzər dənizinin orta hissəsində baş tutacaq.
"2015-ci ildə Xəzər donanmasının gəmi dəstələri Xəzəryanı dövlətlər arasında beynəlxalq hərbi əməkdaşlığın planlı tədbirləri çərçivəsində Azərbaycan və Qazaxıstan respublikalarının hərbi-dəniz qüvvələri ilə birgə beynəlxalq təlimlərdə iştirak edəcəklər", - İqor Qorbul bildirib.
Birgə fəaliyyət çərçivəsində üç ölkənin HDQ gəmi dəstələri dəniz kommunikasiyaları və dəniz iqtisadi fəaliyyət rayonlarının mühafizə üzrə vəzifələri, o cümlədən birgə naviqasiya və manevr elementlərini, dəniz, hava və sahil hədəflərinə artilleriya atışı ilə tək və birgə hərbi çalışmaları məşq edəcəklər.