​Araşdırma: Dünyada yalnız 11 ölkədə sülh mövcuddur

​Araşdırma: Dünyada yalnız 11 ölkədə sülh mövcuddur Bu, İsveçrə, Yaponiya, Qətər, Mavritaniya, Uruqvay, Çili, Botsvana, Kosta Rika, Vyetnam, Panama və Braziliyadır
Hərbi
15 Avqust , 2014 17:00
​Araşdırma: Dünyada yalnız 11 ölkədə sülh mövcuddur

Bakı. 15 avqust. REPORT.AZ/ İqtisadiyyat və Sülh İnstitutu 162 ölkə üzrə apardığı araşdırmanın nəticələrini təqdim edib. Araşdırmaya görə,hazırda dünyada yalnız 11 ölkə real sülh şəraitində yaşayır. “Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın tanınmış “The Independent” nəşri məlumat yayıb.

İqtisadiyyat və Sülh İnstitutunun araşdırması 2007-2014-cü illəri əhatə edir. Qurum iddia edir ki, II Dünya Müharibəsindən sonra hansısa qlobal müharibənin olmamasına baxmayaraq, ölkələrin əksəriyyəti sülh içində yaşamır. Hesabata görə, sonuncu dünya müharibəsi bitdikdən sonra ölkələrin daxilində millətlərarası konfliktlər alovlanıb və bu, hələ də davam edir. Hazırda Qəzza, İraq və Əfqanıstanda hər gün açıq şəkildə döyüşlərin getdiyini deyən İnstitut, bunların sırasında ən təhlükəli proseslərin davam etdiyi dövlət kimi Əfqanıstanın adını qeyd edir.

QHT hər gün yaraqlıların hücumları olan Əfqanıstanın reytinqini Böyük Britaniyadan üstün tutub: “İlk baxışdan sülh şəraitində olan ölkə təsiri bağışlayan Britaniyada əslində daxili çəkişmələr getdikcə artır. Təxminən, 2007-ci ildən bu tərəfə Böyük Britaniyanın Qlobal Sülh İndeksində payı 47% geriləyib”.

Həyəcan təbili çalan İqtisadiyyat və Sülh İnstitutu bu tipli konfliktlərin sonradan Şimali Koreya kimi dövlətlərin yaranmasına gətirib çıxardığını açıqlayıb.

Dünyanın 162 dövlətindən yalnız 11-nin əsl sülh şəraitində yaşadığını deyən İnstitut bunun İsveçrə, Yaponiya, Qətər, Mavritaniya, Uruqvay, Çili, Botsvana, Kosta Rika, Vyetnam, Panama və Braziliya olduğunu açıqlayıb.

Dünya xəritəsindəki ölkələri konfliktlərə görə üç qismə bölən İnstitut Azərbaycana 123-cü yeri verib və konfliktlər nəticəsində ölkəmizə 3,585 mlrd. ABŞ dolları ziyan dəydiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi