Ziya Məmmədovun sabiq müşavirinə qarşı dələduzluqda ittiham olunan şəxs özünə yeni vəkil tutub

Ziya Məmmədovun sabiq müşavirinə qarşı dələduzluqda ittiham olunan şəxs özünə yeni vəkil tutub Proses yanvarın 26-dək təxirə salınıb
Hadisə
24 Yanvar , 2018 17:28
Ziya Məmmədovun sabiq müşavirinə qarşı dələduzluqda ittiham olunan şəxs özünə yeni vəkil tutub
Report

Bakı. 24 yanvar. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Rövşən Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə R.Əhmədov vəkili Ülkər Yusifovadan imtina etdiyini bildirib.

O qeyd edib ki, yeni vəkil Türkel Süleymanlı ilə müqavilə bağlayıb. Müdafiəçi isə cinayət işi ilə hələ tanış olmadığını deyərək məhkəmədən vaxt istəyib.

Proses yanvarın 26-dək təxirə salınıb.

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib.

İttihama aktına əsasən o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Törətdiyi əmələ görə 2016-cı ilin aprelin 18-də R.Əhmədova qarşı Cinayət Məcəlləsinin (CM) 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Sonradan cinayət işinin istintaqının davam etdirilməsi Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona CM-in 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə yeni məzmunda ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. Hazırda şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Xatırladaq ki, R.Əhmədov azadlığa buraxılandan sonra sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib. Daha sonra Ç.Baxşıyev Nərimanov Rayon Məhkəməsinə müraciət edib. O, ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. Ç.Baxşıyev şərəf və ləyaqətinin alçaldıldığını bildirərək R.Əhmədov barəsində CM-nin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə R.Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib. Hökmdən narazı qalan R.Əhmədov apellyasiya şikayəti verib.

R.Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb. Daha sonra R.Əhmədov Bakı Apellyasiya Məhkəməsində keçirilən bir neçə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində axtarış qərarı çıxarıb və o, həbs edilib.

Son xəbərlər

Orphus sistemi