Bakı. 21 noyabr. REPORT.AZ/ Zimbabve prezidenti Robert Muqabe istefaya gedib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
"Mən Robert Qabriel Muqabe rəsmi olaraq Zimbabvenin prezidenti vəzifəsindən istefa verdiyimi bəyan edirəm. Qərar bu andan qüvvəyə minir", - R.Muqabe istefa ərizəsində göstərib.
O, məktubunda həmçinin ölkədə hakimiyyət dəyişikliyinin heç bir problem yaşanmadan baş verməsi üçün bu addımı atdığını qeyd edib: "Mən könüllü şəkildə istefa verirəm. Qərarımın qısa müddət ərzində ictimaiyyətə çatdırılmasını istəyirəm".
Qeyd edək ki, hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb. Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub.
*** 19:55
Zimbabve parlamenti ölkə prezidenti Robert Muqabeyə impiçment tətbiq edib.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyası (ZANU-PF) məlumat yayıb.
"R.Muqabeyə istefa verməsi üçün 24 saat vaxt verilib", - partiyanın "Twitter" hesabında qeyd olunub.