Zərərçəkmişlər keçmiş MTN-nin şöbə rəisinin barəsində olan hökmdən apellyasiya şikayəti veriblər

Zərərçəkmişlər keçmiş MTN-nin şöbə rəisinin barəsində olan hökmdən apellyasiya şikayəti veriblər Bakı Hərbi Məhkəməsi yaxın günlərdə tərəflərin şikayətini araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərəcək
Hadisə
3 Avqust , 2017 10:23
Zərərçəkmişlər keçmiş MTN-nin şöbə rəisinin barəsində olan hökmdən apellyasiya şikayəti veriblər
Report

Bakı. 3 avqust. REPORT.AZ/ Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun barəsində olan hökmdən zərərçəkmişlər və mülki iddiaçılar apellyasiya şikayəti veriblər.

"Report"un məlumatına görə, V.Ələkbərova qarşı zərərçəkmişlər - Nizami Kazımov 2 milyon dollar, Hüseyn Səfərov 2 milyon dollar, Elşən Mədətov 250 min dollar, Mehrac Qurbanov 200 min dollar, Namil Rzayev 500 min dollar, Bahəddin Sultanov 370 min dollar, Müsənnif Salahov isə 600 min manat məbləğində mülki iddia qalıdırblar.

Bakı Hərbi Məhkəməsi hökm çıxaran zaman zərərçəkmişlərin mülki iddialarını təmin etmədiyi üçün onlar yenidən məhkəməyə müraciət ediblər.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, zərərçəkmişlər həmin məbləğlərdə pulu V.Ələkbərova rüşvət qismində veriblər və buna görə də onların mülki iddiaları təmin olunmayıb. Zərərçəkmişlər apellyasiya şikayətlərində hökmün bu hissəsinin ləğv edilməsini və onların mülki iddialarının təmin edilməsini istəyirlər.

Həmçinin V.Ələkbərovun vəkilləri də hökmdən apellyasiya şikayəti veriblər. Onun vəkilləri hökmün ləğv edilməsini və müvəkkil barəsində bəraət hökmünün çıxarılmasını tələb edirlər. Bakı Hərbi Məhkəməsi yaxın günlərdə tərəflərin şikayətini araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərəcək.

Qeyd edək ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb. Hökmə əsasən, V.Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib. Digər zərərçıkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanıb. Məhkəmə bunu belə əsaslandırıb ki, V.Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.

Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərardad çıxarıb və həmin qərarın surəti icra olunması üçün adiyyəti üzrə prokurluğa göndəriləcək. 

Son xəbərlər

Orphus sistemi