Zərərçəkmiş onu taxta parçası ilə vuran şəxsi məhkəmədə bağışlayıb

Zərərçəkmiş onu taxta parçası ilə vuran şəxsi məhkəmədə bağışlayıb Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib
Hadisə
9 Fevral , 2017 11:25
Zərərçəkmiş onu taxta parçası ilə vuran şəxsi məhkəmədə bağışlayıb

Bakı. 9 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluq və xuliqanlıqda təqsirləndirilən Vüsal Süleymanlının cinayət iş üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

V.Süleymanlı elan olunan ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş qismində tanınan Fuad Əliyevin qardaşı ilə problemlərinin olduğunu deyib: "Fuaddan qardaşının haradan olmasını soruşdum. O, mənə cavab vermədiyi üçün Fuadı taxta ilə vurdum".

Daha sonra V.Süleymanlı digər epizod üzrə danışıb. O, zərərçəkmiş qismində tanınan Elçin Ələkbərovdan borc pul istədiyini deyib: "Məhəlləmizdə durmuşdum. Bu vaxt Elçin yanıma gəlib, "Topaz"da 181 manat pul udduğunu dedi. Ondan 10 manat borc pul istədim. Lakin vermədi. Onun pul kisəsini əlindən alıb, 94 manatını götürdüm. Daha sonra Elçinin 50 manat pulunu qaytardım, ona bildiridim ki, "hallalığını ver, axşam qaytaracam". Elçin də polisə gedib, mənim haqqımda şikayət edib".

Zərərçəkmiş Fuad Əliyev isə ifadəsində V.Süleymanlının taxta ilə onun başına vurduğunu qeyd edib: "Qardaşımı soruşdu, ona yerini bilmədiyimi söylədim. Daha sonra mənim başıma taxta ilə vurub, qaçdı".

F.Əliyev təqsirləndirilən V.Süleymanlıdan şikayətçi olmadığını deyib: "Şikayətimi geri götürürəm, onu bağışladım".

Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, cinayət hadisələri ötən il Sumqayıt şəhərində baş verib.

Belə ki, 2016-cı ilin sentyabrın 3-də V.Süleymanlı şəhər sakini Elçin Ələkbərova məxsus 95 manat pulu soyğunçuluq yolu ilə ələ keçirib. Bundan başqa, o, Fuad Əliyevi taxta parçası ilə vurub.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Süleymanlı tutulub.

Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

O, Cinayət Məcəlləsinin 180.2.4-cü (soyğunçuluq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi