Zərərçəkmiş: "Qarşıma silah və narkotik qoydular, dedilər səni buna görə həbs edəcəyik"

Zərərçəkmiş: "Qarşıma silah və narkotik qoydular, dedilər səni buna görə həbs edəcəyik" Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hadisə
24 Sentyabr , 2019 14:23
Zərərçəkmiş: Qarşıma silah və narkotik qoydular, dedilər səni buna görə həbs edəcəyik

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

“Report”un xəbərinə görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Tural İsgəndərli ifadə verib.

O, sabiq MTN-in Xəzər rayon idarəsinin rəisi Rafiq Səfərovun ondan 10 000 dollar və 500 manat pul aldığını deyib. Zərərçəkmiş bildirib ki, həmin vaxt sosial şəbəkələrdə avtomobilinin yanında avtomat silahı ilə şəkli yayılmışdı: "Həmin şəklin yayılmasından bir neçə gün sonra Rafiq Səfərovun işçiləri zəng edərək məni idarəyə dəvət etdilər. Orda dedilər ki, ölkədə həmin şəkilə görə xaos düşüb. Lənkəranlı olduğum üçün mənə Rövşən Lənkəranskinin dəstəsinin üzvü olduğumu bildirdilər. Onlara silahın mənə aid olmadığını, Rövşən Lənkəranski ilə əlaqələrimin olmadığı bildirdim. Lakin mənə inanmadılar, qabağıma silah və narkotik qoydular. Dedilər səni buna görə həbs edəcəyik".

Zərərçəkmiş şəxs qeyd edib ki, idarədə azad olunması üçün 20 000 manat pul tələb edilib: "O qədər pulumun olmadığını dedim. Sonunda 10 000 dollar və 500 manat pul verdim".

Tural İsgəndərli bildirib ki, verdiyi pulu geri ala bilməyib: "Vüqar Mahmudovu tanımıram. Məndən pulu Rafiq Səfərov alıb. Onun barəsində cinayət işinin başlanmasını tələb edirəm".

Proses oktyabrın 7-də davam edəcək.

Keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Həmin şəxslərdən biri "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovdur. Digər zərərçəkmişlər isə general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir.

Son xəbərlər

Orphus sistemi